Qazaxlı məktəblilər öz ənənələrinə sadiq qaldılar
Mənfur düşmənlə 168 kilometr sərhəddə olan, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonunda yeni dərs ili hər il tamamilə fərqli formada qarşılanır.
Belə ki, həmin gün rayonun məktəbliləri Şəhidlər Xiyabanına gəlir, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən mərd oğullarımızın əziz xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzürlər.
Sentyabrın 14-də müəllim və şagirdlər yenə də Şəhidlər Xiyabanında toplaşmışdılar. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq pedaqoji kollektivləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Sonra diqqətə çatdırdı ki, ikinci dəfədir rayonda yeni dərs ili bu müqəddəs məkanda qarşılanır. Bu məkanı ziyarət etməklə Vətənə, xalqa, dövlətə sadiqliyimizi nümayiş etdirməklə yanaşı, şəhidlərimizə olan mənəvi borcumuzu da qaytarırıq. Şəhidləri yad etmək, xatirəsini anmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Onlar Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Şəhidlərin ömür yolu hər birimiz üçün nümunə olmalıdır. Hər bir gənc mərd və mübariz böyüməli, Vətənin müdafiəsinə hər an hazır olmalı, lazım gələrsə öz canından keçməyi bacarmalıdır. Əminik ki, ənənə halını alan bu tədbir hər bir yeniyetmənin yaddaşında əbədi iz qoyacaq, onların qəlbində vətənə məhəbbət və şəhidlərə ehtiram hissini daha da artıracaqdır.
Rayonun təhsil sahəsində qazandığı uğurlardan danışan Rəcəb Babaşov bu il məzunların ali məktəblərə qəbul faizinin də artdığını diqqətə çatdırdı. Qeyd etdi ki, 509 nəfər məzundan 274 nəfəri tələbə adını qazanmışdır. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adına layiq görülmüşdür. Həmin məzunlardan 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Sonra rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Mehdi Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək şagirdlərə əsl vətənpərvərlik ruhu aşılayan bu tədbirin əhəmiyyətindən danışdılar. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, şair Zaməddin Ziyadoğlu çıxış edərək Bilik Gününun belə təmtəraqla və Şəhidlər Xiyabanında keçirilməsinin gənclərin Vətən, xalq, dövlət naminə əsl vətəndaş kimi formalaşmasında böyük rol oynadığını qeyd etdilər və şəhidlərimizə həsr etdikləri şeirlərini oxudular.
Şəhid atası Sarı Hüseynov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
18 sentyabr 2018-ci il