Qazax rayonunda Dövlət Bayrağı Günü münasibətilə möhtəşəm tədbir keçirilmişdir
Qazax rayonunun Olimpiya İdman Kompleksində Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə bayram tədbiri keçirilmişdir. Tədbir rayondakı Heydər Əliyev adına parkda, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil, gül-çiçək dəstələri qoyulması və Ulu Öndərin əziz xatirəsinin anılması ilə başlamışdır. Olimpiya İdman Kompleksində davam etmişdir. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və fəal gənclər iştirak etmişlər. Hərbi orkestrin müşaiyəti ilə Respublikanın əməkdar artisti Azərin xanımın ifasında Dövlət Himni oxunmuşdur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təbrik məktubu oxunduqdan sonra “N” saylı hərbi korpusun komandiri, general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı cənab Rövşən Əkbərov və Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov çıxış etmişlər. Çıxışlarda Dövlət Bayrağının hər bir azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edilmişdir. 1990-cı ildə ölkəmizdə baş verən hadisələr xatırlanaraq, 70 ildən sonra üçrəngli bayrağımızın xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, bununla bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmasından danışılmışdır.
Xüsusi ilə diqqətə çatdırılmışdır ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Belə ki, dövlətmizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunmuş, 2010-cu ilin sentyabrında isə Bakı şəhərində möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılmışdır. Üçrəngli Bayrağımızn bu gün dünyanın 70-ə yaxın ölkəsində, Azərbaycanın müxtəlif statuslu nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olunmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, üçrəngli bayrağımızın işğal altındakı torpaqlarımızda da dalğalanacağına əminlik ifadə olunmuşdur.
Daha sonra Respublikanın əməkdar artisti Azərin xanımın və hərbi orkestrin ifasında vətənə, müstəqilliyə həsr olunmuş mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq onlarda xoş ovqat yaratmışdır.
Tədbir möhtəşəm bayram atəşfəşanlığı ilə başa çatmışdır.