Qazaxda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib
Bu gün “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.
Gənclər Mərkəzində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nazirliyin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan fəal gənclər, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.
Sonra Gənclər Mərkəzində konfrans öz işinə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrasın aparıcısı, Gənclər və İdman Nazirliyində vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov giriş sözü ilə çıxış edərək keçirilən konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər bir gənc azərbaycançılıq ideologiyasını dərk edərək Azərbaycanın inkişafı naminə öz töhfəsini verməlidir. Ulu öndərin qurub yaratdığı müstəqil dövlətin qorunub saxlanılmasında ölkə başçısına dəstək olmalı və sağlam əqidəli gəncliyin formalaşdığını öz əməlləri ilə sübut etməlidirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək qonaqları salamlayıb, dövlət və dövlət başçısının gənclərə olan qayğısından danışıb. Qeyd edib ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli lider Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Rayon rəhbəri bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.
Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Gənclərin ikinci forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən ulu öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.
Görülən işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan gənclərinin üçüncü forumu əvvəlki forumlardan ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirərək, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər etməsi ilə yadda qaldı.
Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi.
Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir.
Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi işlər xüsusilə qeyd olunmalıdır. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının səmərəli fəaliyyəti xarici ölkələrdə formalaşan digər azərbaycanlı gənclər təşkilatları üçün bir örnək təşkil edir. Bu gün Rusiyanın hər yerində Azərbaycan gənclər klubları açılmışdır. Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edir
Eyni zamanda dövlətimizin gənclər siyasəti rayonumuzda da xüsusi şəkildə həyata keçirilir. Mütəmadi olaraq onlarla görüşlər təşkil olunur, problemləri barədə soruşulur, rayonumuzun inkişafına dəstək vermək məqsədilə təklif və fikirləri öyrənilir. Bütün bunların nəticəsidir ki, son 3 il ərzində respublikamızın dövlət universitetlərini qırmızı diplom ilə bitirən savadlı, intellektli gənclər vəzifələrə təyin edilirlər. Təkcə Rayon İcra Hakimiyyətinə 2 il ərzində 10 nəfərdən artıq gənc kadr vəzifələrə təyin edilmişdir.
Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclərlə iş sahəsi üzrə 2016-cı ildə 19 tədbir həyata keçirilmişdir və keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmuşdur. 2016-cı il ərzində rayon idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etmişlər. Belə ki, 2016-cı ilin yanvar ayında Bakı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnirdə 3 nəfər güləşçimiz birinci yerə layiq görülmüşdür. Həmçinin 2016-cı ilin fevral ayında 3 nəfər ağır atletimiz birinci yeri, aprel ayında Tbilisi şəhərində bir nəfə karateçimiz birinci yeri, noyabr ayında Batumi şəhərində Avropa kuboku yarışında bir nəfər karateçimiz birinci yeri tutmuşdur. Ümumilikdə, 2016-cı il ərzində rayon idmançılarından beynəlxalq (23 idmançı) və respublika (68 idmançı) yarışlarında 91 nəfər mükafata layiq yerlər tutmuşlar.
2017-ci ilin dekabr ayında ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlər qazanmış 26 idmançı və 4 məşqçi rayon rəhbərliyi tərəfindən qəbul edilmiş, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Qeyd edək ki, 2018-ci ilin 6 ayı ərzində rayon idmançıları tərəfindən beynəlxalq miqyaslı yarışlarda 24, respublika miqyaslı yarışlarda 89 medal əldə edilmişdir. 2018-ci ilin aprel ayında ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kuboku yarışlarında yığma komandamızın tərkibində rayonumuzun yetirməsi Əfqan Xaşalov 61 kq çəkidə gümüş medala layiq görülmüşdür.
Bütün bu uğurların əsas səbəbi respublika rəhbərliyinin müstəqilliyin ilk illərindən bugünədək gənclərimizə ayırdığı xüsusi diqqətdir. Göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək nazirliyin adından salamlarını çatdırıb. Qeyd edib ki, bu gün sevindirici haldır ki, Qazax sözün yaxşı mənasında öz simasını dəyişərək gündən-günə inkişaf edir. Bunu rayonda həyata keçirilən genişmiqyaslı tikinti-qurucluq işlərindən aydın şəkildə görmək olur. Natiq bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti uğurla davam etdirilir. Çünki bu siyasət ulu öndərin gənclərlə bağlı arzuları, istəkləri əsasında düzgün təməl üzərində formalaşıb. Ümummilli liderin azərbaycançılıq məfkurəsi ölkəmizdə bütün sahələrdə - təhsil, səhiyyə, mədəniyyət, idman, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahələrində özünü göstərir. Hər bir sahədə qazanılan uğur və nailiyyət sübut edir ki, bu gün Azərbaycan bütün dünyada öz sözünü demək qabiliyyətinə malik bir ölkədir. Bütün bu uğurların kökündə isə ulu öndərin azərbaycançılıq məfkurəsi dayanır.
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ona görə şanslıdır ki, ulu öndərin qurub yaratdığı, milli, mənəvi dəyərlər əsasında, azərbaycançılıq ideologiyası əsasında formalaşdırdığı bir ölkədə yaşayır və bu ideologiya müstəqil dövlətin çiçəklənməsinə xidmət edir. Bu gün ölkə başçısının həyata keçirdiyi layihələr onu sübut edir ki, ölkəmizdə yürüdülən siyasət düzgün təməl üzərində qurulub. Bu gün ulu öndərin bizə bəxş etdiyi azərbaycançılıq məfkurəsinin uğurudur ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə sağlam əqidəli, düşüncəli, sağlam ruhlu, intellektual, savadlı gənclər yetişir. Ümummilli liderin əsasını qoyduğu milli dövlətçilik ənənələri inkişaf etdirilir. Öz torpağına, millətinə, xalqına, dövlətinə, ölkə başçısına sadiq gənclərin yetişdiyini bildirən natiq qeyd edib ki, ölkəmizdə vətənpərvərlik duyğusu hər zaman yüksək səviyyədə olub. Bildirib ki, 2016-cı ildə şanlı zəfər tariximiz olan Aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü və vətənpərvər gənclərin nəyə qadir olduğunun şahidi oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini yüksək səviyyədə qeyd etməyimiz bir daha sübut etdi ki, Azərbaycan xalqı həmişə öz keçmişinə, tarixi köklərinə, adət-ənənələrinə sadiq olub və bu istiqamətdə sağlam gənclik yetişdirir. Bu gün dövlətlə gənclər arasında sağlam birlik nümayiş olunur və bu birliyə heç bir şər qüvvə kölgə sala bilməz.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov konfransda çıxış edərək iştirakçıları salamlayıb. Qeyd edib ki, bir xalqın, dövlətin formalaşması üçün mütləq şəkildə ideologiya olmalıdır. Bu gün Azərbaycanın müstəqil dövlət kimi tanınması ulu öndərin formalaşdırdığı azərbaycançılıq məfkurəsi sayəsində mümkün olmuşdur. Birlik sədri bildirib ki, vətənpərvərlik o demək deyil ki, torpaq uğrunda canından keçəsən, şəhid olasan. Vətənpərvərlik eyni zamanda, hər bir gəncin əlində olan şansdan səmərəli istifadə edərək öz dövləti, xalqı üçün əməli işlər görməsidir. Qazandığı uğurları, nailiyyətləri ilə dövlətinə öz töhfəsini verməsidir.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev də çıxış edərək Qərbin qapısı sayılan Qazaxın hər zaman ziyalıları, saz, söz adamları ilə tanındığını qeyd edib. Qazaxlı gənclərin də həmişə öz ziyalılıqları ilə seçilməli olduğunu qeyd edən natiq uzun əsrlərdən bəri qorunub saxlanılan azərbaycançılıq məfkurəsinin yaşadılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Əsrlərdən bəri nəsillərdən-nəsillərə ötürülən adət-ənənələrə məhz gənclərin sahib çıxmalı olduğunu vurğulayıb və bu yolda gəncləri daha aktiv olmağa çağırıb. Ulu öndərin gənclərə bəxş etdiyi azərbaycançılıq məfkurəsinin, gənclər siyasətinin bütün dünyada nümunə göstərildiyini qeyd edib.
RİHB Aparatında böyük məsləhətçi Kənan Hüseynli “Milli ideologiya və dövlət rəmzləri”, gənc rəssam Akif Əmirov “Gənclik - milli-mənəvi və ümumbəşəri dəyərlər, adət-ənənələrimiz”, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Səadət Nuruşova “Gənclik - sülhsevərlik və humanizm prinsipləri”, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin direktoru Gülanə Hüseynova “Gənclik – azərbaycançılıq məfkurəsi və Azərbaycan dili”, YAP Qazax rayon Təşkilatının Gənclər Birliyinin sədri Vüsal İsmayılov “Gənclik - dövlətçilik ənənələri və azərbaycançılıq”, BDU Qazax filialının sosial iş üzrə müəllimi Gülnar Nəzərova “Gənclik - multikultural dəyərlər: milli-dini tolerantlıq və azərbaycançılıq” mövzularında çıxış ediblər. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən gənclərlə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıblar. Ümummilli liderin layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsini və Azərbaycan gəncliyinin parlaq gələcəyi naminə uğurlu layihələrin həyata keçirilməsini yüksək qiymətləndiriblər.