Yuxarı Salahlı kəndində tikilən həkim məntəqəsində işlər başa çatıb
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda uğurla icra olunmasının nəticəsidir ki, istər şəhər mərkəzində, istərsə də kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Bütün sahələr üzrə olan bu abadlıq işləri səhiyyə sahəsində də özünü göstərir. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi ilə yanaşı, kəndlərdə də yeni tibb məntəqələri inşa olunur.
Xəbər verdiyimiz kimi, rayonun Yuxarı Salahlı kəndində tikilən yeni həkim məntəqəsi bu sahədə görülən işlərin əyani sübutudur. Bir neçə ay öncə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikintisinə başlanılan məntəqədə işlər başa çatıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həkim məntəqəsində görülən son tamamlanma işləri ilə tanış olub. Məntəqədə həyət-abadlıq işlərinin aparılması, eləcə də açılışa hazırlıqla bağlı bəzi tapşırıq və tövsiyələrini verib.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov rayon rəhbərinə bildirib ki, tikinti işləri başa çatıb, bütün avadanlıqlar quraşdırılıb və məntəqə açılışa tam hazırdır.
Məlumat üçün bildirək ki, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun çəkilməsi işləri aparılıb.
Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. 8 otaqdan ibarət olacaq həkim məntəqəsində həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb.