Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb
Abadlıq və quruculuq işləri sayəsində Qazax rayonunun siması başdan-başa dəyişmişdir. Yeni salınmış yollar, park və xiyabanlar, mövcud binaların əsaslı təmiri, istifadəyə verilən təzə ictimai binalar sakinlərdə yurda olan məhəbbəti daha da artırmışdır.
Başlanan abadlıq və quruculuq işləri bu gün də uğurla davam etdirilir. İndi rayona gələn hər kəs geniş vüsət alan tikinti işlərinin aparıldığının şahidi olar. Ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər hesabına görülən işlərin sayı-hesabı yoxdur. Uzun illərdən bəri baxımsız vəziyyətə düşmüş çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması da rayon mərkəzinə xüsusi yaraşıq verir. Keçən il 78 binanın təmiri başa çatdırılmış, bu il 85 binanın əsaslı şəkildə təmirinə başlanılmışdır. Artıq 15 binada təmir işləri başa çatdırılmışdır. Nərimanov yaşayış massivində olan 11 çoxmənzilli binada və "Hərbi şəhərcik” adlanan massivdə olan 4 binada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmış, binaların dam örtüyü, giriş hissələri və fasadları yenidən qurulmuşdur. Daha 5 binada - Heydər Əliyev prospektindəki 3, 4 və 5 mərtəbəli, Ə.Şıxlinski küçəsində, "Gillik” adlanan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri davam etdirilir.
Qeyd edək ki, rayon icra hakimiyyətinin rəhbərliyi təmir gedən obyektlərdə olur, görülən işlərlə maraqlanır, lazım gəldikdə yaranan çətinliklərlə bağlı aidiyyəti təşkilatlara göstərişlər verir.
Rayonun "Gillik” adlanan ərazisində olan beşmərtəbəli binalarda da işlər başa çatmaq üzrədir. 4 saylı binada elektrik və telefon xətləri qaydaya salındıqdan sonra rəngləmə işlərinə başlanılmışdır. 5 saylı binada təmir işləri sürətlə davam etdirilir. Bu günlərdə binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb.
"Göy bina” adlanan çoxmənzilli yaşayış binasında məskunlaşan məcburi köçkünlər üçün də yüksək səviyyəli məişət şəraiti yaradılmışdır. Binanın əsaslı təmiri başa çatdırılmış, məcburi köçkünlərin arzu və istəkləri təmin edilmişdir. Burada məskunlaşan və işğal altında olan Bağanıs Ayrım kəndinin sakinləri - Xətayi İmanquliyeva, Saleh Xasayev, Qızıl Hacılı kənd sakinlərindən Ülkər Adıgözəlova, Qəndaf Hüseynova və başqaları görülən işdən razı qaldıqlarını bildirdilər.
Genişmiqyaslı abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda digər sahələrlə yanaşı, körpələrin də yaxşı şəraitdə təlim-tərbiyə almalarına diqqətlə yanaşılır. Bu baxımdan uşaq bağçalarının əsaslı şəkildə təmir olunmasına və yenidən qurulmasına böyük önəm verilir. Ölkə rəhbərinin regionlarda uşaq-tərbiyə müəssisələrinin tikintisi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq son 2 il ərzində rayonda genişmiqyaslı işlər həyata keçirilmişdir. Qısa vaxt ərzində Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, rayon mərkəzindəki 1, 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canal, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları əsaslı şəkildə yenidən qurulmuşdur. Rayonda yeni uşaq bağçalarının tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Özü də bu bağçaların çoxu kəndlərdə reallaşdırılır. Tələbata cavab verməyən bağça binaları üçün yeni korpusların tikilməsi və əsaslı şəkildə təmir edilməsi, onların müasir inventarlarla təminatı qaydaya salınır. Rayon mərkəzində fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri üçün də hazırlıq işlərinə başlanılmışdır.
Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikintisi də başa çatmaqdadır. Baş iş icraçısı Cəlal Əfəndiyev dedi ki, 5 korpusdan ibarət xəstəxana binası ən müasir standartlara uyğun inşa edilir. İşin 90 faizi başa çatdırılıb. İndi inşaat briqadası xəstəxana binasının çöl hissəsində çalışır. Əsasən binanın ətrafına hasar çəkilir, giriş hissəsinə aqlay vurulur, ərazidə işıqlandırma sistemi quraşdırılır. Burada hər biri 400 kubmetr tutumu olan su hovuzu, qazanxana və nasos stansiyası inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi hazırdır. Ərazidə yaşıllıq işləri də aparılır. Bir sözlə, 2,6 hektar sahədə inşa edilən, 10 korpusdan ibarət olan və 145 çarpayılıq mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsinə saylı günlər qalıb.
Sabir ƏLİYEV,
"Azərbaycan”
28.09.2018-ci il