Şriftin ölçüsü :

Saytın rəngi :

2018-2019-cu tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub

01 oktyabr 2018 | 16:00

Bu gün Respublika Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Sevindirici haldır ki, bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Son bir neçə ildə Azərbaycanda təhsil sahəsində olan yeniliklər nəzərə çarpacaq dərəcədə artmışdır.  Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binaları tikilmiş, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir. Bir sözlə, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
Bu gün bu fikirlər Qazax Rayon İcra Hakimiyyətində 2018-2019-cu tədris ilinin başlanması və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclasda səslənib.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən iclasda RİHB Aparatının məsul işçiləri, Təhsil şöbəsinin əməkdaşları, işçi qrupunun üzvləri, şəhərdə fəaliyyət göstərən məktəb direktorları, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamıdır.
İcra başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Rayonumuzda bunun üçün lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır.
Rayon rəhbəri bildirib ki, təhsil sahəsinin daha da qabaqcıl olması üçün fəaliyyətə başladığım ilk gündən bu sahəyə diqqət və qayğı ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilmişdir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır. Hazırda S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması bunun bariz nümunəsidir. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır.
İcra başçısı qeyd edib ki, təhsil sahəsi ilə bağlı əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi qrupunun yaradılması oldu. İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən işçi qrupunun yaradılmasında əsas məqsəd məktəbləri nəzarətdə saxlamaq deyil, əksinə təhsil sahəsinin inkişaf etdirilməsi idi. Şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirmək idi. Eyni zamanda, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq idi. Ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə çatdıq. İşçi qrupunun yüksək fəaliyyəti sayəsində təhsilin keyfiyyətinin artırılmasına, məktəblə İcra Hakimiyyəti arasında sağlam əlaqələrin qurulmasına nail ola bildik.
Biz bu nailiyyəti builki qəbul imtahanında iştirak edən məzunların sayından da aydın şəkildə gördük. 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 oldu. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Geniş müzakirə şəklində keçən iclasda qazanılan uğurlarla yanaşı, yeni tədris ilində qarşıda duran bir neçə məsələlədən də söhbət açılıb. Məktəblərdə dərs saatının düzgün qaydada bölünməsi, eləcə də bölgü zamanı diaqnostik qiymətləndirmədə müəllimlərin topladıqları ballara uyğun bölgü aparılması qeyd olunub.
İclasda şagirdlərin dərsə davamiyyəti də müzakirə edilib. Ötən il olduğu kimi, bu il də yaradılmış işçi qrupları tərəfindən dərsə davamiyyətə nəzarət ediləcəyi bildirilib. Dərsdən yayınma kimi halların qarşısının alınması üçün ciddi şəkildə tədbirlər görüləcəyi vurğulanıb.
Bildirilib ki təhsil sahəsində baş verə biləcək hər hansı neqativ hadisə birbaşa rayonun adı ilə bağlı olur. Bunun üçün istər müəllimlərin, Istər məktəb direktorlarının, istərsə də aidiyyəti şəxslərin işlərində daha məsuliyyətli olmaları tövsiyə olunub.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev və başqaları çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə, istər müəllimlər, istərsə də şagirdlər üçün yaradılmış yüksək şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün bundan sonra da böyük səylə çalışmağı tövsiyə edib. Bildirib ki, rayonumuzda bunun üçün hər cür imkan vardır. Bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlara imza atılmalıdır.

Keçidlər