Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zahid Mahmudovun xatirəsinə həsr olunmuş qarışıq növlər üzrə açıq rayon birinciliyi keçirilib

29 sentyabr 2018 | 16:00

Qazax rayon Gənclər və İdman İdarəsi Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Qazax filialı ilə birlikdə şəhid Zahid Mahmudovun xatirəsinə həsr olunmuş Muay-Tay, Alpaqut, MMA (qarışıq döyüş növləri) və “Shoot Fight” döyüş növləri üzrə açıq rayon birinciliyi keçirib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda Qazax rayonundan (4 komanda) başqa, Tovuz, Şəmkir, Gəncə, Bakı (6 komanda), Sumqayıt (2 komanda), Yevlax, Şamaxı, Ağdam, Kürdəmir, Göyçay və Kəlbəcər komandalarından, ümumilikdə 120 nəfər idmançı iştirak edib.
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, idarə rəisinin müavini Sahib Namazov və yarış iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə gül dəstələri qoyublar.
Sonra yarışın rəsmi açılış mərasimi keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək rayonumuzda şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açıb. Şəhid Z.Mahmudovun əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edib. Şəhidin xatirəsinə həsr olunmuş yarışı yüksək qiymətləndirib və idmançılara uğurlar arzulayıb.
Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin təsisçisi və Azərbaycan Döyüş Növləri Assosiasiyasının baş katibi Vasif  Namazov, Azərbaycan Peşəkar Muay-Tay Döyüş Federasiyasının prezidenti Mərdan Vəliyev, Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin vitse-prezidenti Rafiq Qasımov və baş katibi Etibar Əliyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasından, idmançılarımızın istər beynəlxalq, istərsə də respublika səviyyəli yarışlarda saysız-hesabsız medallar qazanmalarından, üçrəngli Azərbaycan bayrağını uca tutmalarından danışıblar. Yarış iştirakçılarına qalib olmalarını arzu ediblər.
Çıxışlar başa çatdıqdan sonra yarışlara start verilib. Qalib və mükafatçılar müvafiq diplom və medallarla, peşəkar döyüşlərin qalibləri isə kəmərlərlə mükafatlandırılıblar.

 

 

 

 

Keçidlər