Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının da təmiri başa çatıb
Bu gün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Son 2 il 4 ayda rayonda sosial obyektlərin, sənaye müəssisələrinin, mağazaların, dükanların, uşaq bağçalarının, məktəblərin tikilməsi, yeni asfalt yolların çəkilməsi, bir sözlə, həyata keçirilən tikinti-quruculuq işləri bunu söyləməyə əsas verir. Eyni zamanda, aparılan bütün bu abadlıq işləri və Qazaxın gündən-günə inkişaf etməsi Respublika Prezidenti İlham Əliyevin siyasətinin rayonda olduğu kimi icra olunması deməkdir.
Qazaxda aparılan bu quruculuq işlərinin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması rayon sakinləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması quruculuq siyasətinin uğurla icra edilməsi deməkdir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Rayonda çoxmənzilli binaların təmir olunmasına böyük sürətlə start verilib. Məhz bunun nəticəsidir ki, bu il təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan 20-si tam hazırdır. 26 iyun Silahlı Qüvvələr Günündə istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, bundan əlavə, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, dünən "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları təmirli binalar sırasındadır.
Bu gün isə şəhərin mərkəzində yerləşən daha 3 binanın əsaslı təmirdən sonra açılış mərasimi olub. Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları əsaslı təmir olunaraq bina sakinlərinin ixtiyarına verilib.
Binanın qarşısında keçirilən açılış mərasimində binada yaşayan sakinlərlə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində iştirak etmək üçün binaların yerləşdiyi ünvana gəlib. Rayon rəhbərini alqış sədaları altında böyük hörmət və səmimiyyətlə qarşılayan bina sakinləri onun ünvanına xoş sözlər söyləyiblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı şəkildə təmir olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər. Şəhərin mərkəzində yerləşən binaların təmir olunmasını dövlətin və dövlət başçısının sakinlərə olan qayğısı kimi qiymətləndiriblər.
Rayon rəhbəri çıxış edərək bildirib ki, siz sakinlərin sevincinə şərik olmaq, təbriklərimi çatdırmaq üçün bugünkü görüşə gəldim. Yadınızdadırsa, biz bu işə başlayanda bildirmişdim ki, şəhərdəki digər çoxmənzilli binalar kimi bu binalar da yüksək şəkildə təmir ediləcək və hər şey nümunəvi olacaq. Mənə elə gəlir ki, bu gün biz o istəyimizə nail ola bildik. Çünki rayonumuzda abadlıq və quruculuq işlərini həyata keçirməkdə əsas məqsədimiz siz sakinlərin məmnunluğunu, rahatlığını təmin etməkdir. Çünki siz sakinlər bundan da yaxşı şəraitdə yaşamağa layiqsiniz. Dövlətin və dövlət başçısının da yürütdüyü siyasətin kökündə vətəndaş amili dayanır. Görülən hər bir iş xalqın adı ilə bağlıdır.
İcra başçısı bildirib ki, bu gün Qazax günü-gündən inkişaf edir və bu, bundan sonra da belə davam edəcəkdir. Tikinti-quruculuqla yanaşı, şəhərin təmizliyinə riayət olunur. Bu gün rayonumuzu çəkinmədən “Təmiz şəhər” adlandıra bilərik.
"Respublika Prezidentinin siyasətinin əsasında xalqa xidmət dayanır” deyən icra başçısı bu istiqamətdə atılan uğurlu addımlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən də söz açıb.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasını rayonda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən Əhəng zavodunun tikilməsindən aydın şəkildə görmək olar. Bundan əlavə, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
İcra başçısı qeyd edib ki, Qazax elm, təhsil, mədəniyyət mərkəzi, tairixi şəxsiyyətlər yurdudur. Ona görə də rayonda tikinti-quruculuq işlərinin aparılması ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələr də inkişaf etdirilir. Bunu istər ali məktəblərə qəbul olan məzunlarımızın, istər yarışlarda medal qazanmış idmançılarmızın sayının ildən-ilə artmasından aydın şəkildə görmək olar.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu qeyd edib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin bariz nümunəsi olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda 25 bağça fəaliyyət göstərir ki, onun 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Bu gün həmin bağçaların böyük əksəriyyəti əsaslı şəkildə təmir olunub. Bəziləri üçün yeni binalar inşa olunub. 7 bağça qalır ki, onların da yüksək səviyyədə təmir olanaraq körpə balaların istifadəsinə verilməsi nəzərdə tutulub.
İcra başçısı Rəcəb Babaşov bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Rayonda görülən hər bir iş, atılan uğurlu addım və qazanılan qələbələr də həmin düzgün təmələ söykənir.
61 A nömrəli binada yaşayan sakinlərdən Şükufə Məmmədtağıyeva, Xeyransa Quliyeva, Müşkünaz Şəmşiyeva, Gülsüm Həsənova, İlhamə Abdullayeva, 65 nömrəli binada yaşayan sakinlərdən Təranə Pənahova səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndirən sakinlər təmir olunmuş çoxmənzilli binaların onlara olan diqqət və qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər.
Çıxış edənlər bildiriblər ki, biz sevinirik ki, Prezident İlham Əliyevin söylədiyi “Harda ehtiyacı olan insan varsa, mən o insanların yanındayam” fikri Qazaxda da uğurla icra olunur. Biz sakinlər 2 il 4 aydır ki, sizin sayənizdə bunun şahidi oluruq. Gəldiyiniz ilk gündən hər bir vətəndaşın qaldırdığı məsələ ilə yaxından tanış olmağınız, hər bir məsələyə operativ şəkildə münasibət bildirməyiniz, fərdi qəbullar, səyyar görüşlər keçirməyiniz, vətəndaşın istəyini nəzərə alıb onların yaşadıqları ünvanlara belə getməyiniz bunu söyləməyə əsas verir. Sizin bizim yaşadığımız binaları yüksək səviyyədə əsaslı şəkildə təmir etdirməyiniz də bu qayğının əyani təzahürüdür. Ona görə başda siz olmaqla, əməyi keçən hər kəsə bütün bina sakinləri adından öz dərin minnətdarlığımızı bildiririk.
Məlumat üçün qeyd edək ki, hər 3 binanın bloklarında qaz, işıq və rabitə xətləri səliqəyə salınıb. Blokların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bundan əlavə, blokların üst hissəsində yağış ötürücüləri betonla düzəldilib, blokun pəncərələri yenisi ilə əvəz olunub. Pilləkanların perilaları düzəldilib və rənglənib. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Binaların həyətində sakinlər üçün stol və stul düzəldilib. Binaların qabaq hissəsinə sakinlərin rahat şəkldə gediş-gəlişini təmin etmək üçün beton qatı tökülüb. Həyətdə olan köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.