Qazaxın Bala Çaylı kəndində yeni EATS binasının açılışı olub
Qazax rayonunda abadlıq, quruculuq işləri ilə yanaşı, əhaliyə göstərilən xidmət sahələrinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. İstər şəhərdə, istərsə də kəndlərdə sakinlərə yüksək rabitə və internet xidmətinin göstərilməsi üçün rabitə xətləri yenilənir, yeni EATS-lər istifadəyə verilir.
Bu gün Qazax rayonunun Bala Çaylı kəndində istifadəyə verilən 300 nömrəlik EATS binası da bunun bariz nümunəsidir.
Açılış münasibətilə keçirilən mərasimdə Qazax RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Qazax Telekommunikasiya Qovşağının əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək öncə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, təhsilin inkişafı naminə daha böyük nailiyyətlər qazanmalarını arzulayıb. Kənddə yeni EATS-in istifadəyə verilməsi ilə əlaqədar xoş təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin quruculuq siyasətinin Qazax rayonunda olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib.
Rayon rəhbəri bildirib ki, əvvəlki illərlə müqayisə etdikdə görürük ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri daha geniş vüsət alıb. Rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
Qazaxda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirən rayon rəhbəri yeni çəkilən yollardan söz açıb. Qeyd edib ki, ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlar bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam etdiriləcəkdir. Vurğulayıb ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri yeni inşa olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını bu sahədə görülən işlərin daha bir nümunəsi olduğunu qeyd edib. Uşaq bağçalarının müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Rayon rəhbəri qeyd edib ki, bu gün rayonda bağçanın olmasına böyük ehtiyac olan kəndlərdən biri də Çaylı və Bala Çaylı kəndləridir. İcra başçısı bu kəndlərdə də bağça yaradılması üçün lazımi işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib.
İcra başçısı bildirib ki, ölkə başçısı Qazax rayonuna xüsusi qayğı ilə yanaşır. Bunun kökündə isə dövlət başçısının yürütdüyü siyasətin rayonda olduğu kimi icra olunması dayanır. Bunu yüksək qiymətləndirən ölkə başçısı rayonun inkişafı, daha abad və yaraşıqlı olması üçün müvafiq Sərəncamlar imzalayır. Respublika Prezidentinin Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamında Qazax rayonunun da yer alması bu dediklərimizin əyani sübutudur.
Qazax rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov çıxış edərək ölkəmizdə əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, telefon stansiyalarının müasirləşdirilməsi, xətlərin təmiri və bərpası, yeni EATS-lərin quraşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Kənd sakinlərinin müraciətinə əsasən rayon rəhbərliyi tərəfindən istifadəyə verilən, 30 kv.m-lik binada yerləşən EATS-dən 300 abonentə telefon və internet xəttinin çəkiləcəyini qeyd edib. İlkin olaraq 150-yə yaxın kənd sakininə telefon xəttinin çəkilməsinin planlaşdırıldığını və bunun üçün ATS-in lazım olan bütün müasir avadanlıqlarla təmin olunduğunu bildirib. ATS binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsinə görə kənd sakinləri və rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.
Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm Məmmədov, məktəb direktorunun müavini Arif Mİrzəliyev, kənd sakini, təqaüdçü Solmaz Nağıyeva respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün sizin istər şəhər mərkəzində, istərsə də kəndlərdə həyata keçirdiyiniz genişmiqyaslı işlər rayon sakinlərində də böyük ruh yüksəkliyi yaradır. Hər bir rayon sakini doğma el-obasına öz töhfəsini verir. Sizin Bala Çaylı kəndində gördüyünüz işlərdən ruhlanan kənd sakinlərindən Azər Mərdalıyevin kənddə bulaq və dayanacaq tikdirməsi, Şəmşir Müvəssəqinin abadlıq işləri aparması bunu söyləməyə əsas verir. Bu sizin Qazax rayonunda, eləcə də rayonun bütün kəndlərində öz əməllərinizlə bir nümunə olmağınız deməkdir. Çünki siz öz əməllərinizlə qurub-yaratmaq eşqi ilə yanaşı, doğma el-obaya sahib çıxmaq kimi insani bir hissi də aşılayırsınız.
EATS binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbəri və qonaqlar yeni istifadəyə verilən bina ilə tanış olublar.
Sonda icra başçısı kənd sakinləri və məktəblilərlə xatirə şəkli çəkdirib.