Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda keçirilən II Beynəlxalq Aşıq Festivalı ozan-aşıq sənətinin təntənəsinə çevrilmişdir

15 noyabr 2014 | 16:00

Qazax rayonunda II Beynəlxalq Aşıq Festivalı keçirilmişdir. Bu məqsədlə dünyanın  8 ölkəsindən və Azərbaycanın bütün bölgələrindən gəlmiş qonaqlar və ustad aşıqlar rayon İcra Hakimiyyətində yüksək səmimiyyətlə və qonaqpərvərliklə qarşılanmışlar. Səmimi keçən görüşdən sonra  onların hər birinə türk dünyasının qədim musiqi aləti saz və qiymətli hədiyyələr bağışlanılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov qonaqlarla və festival iştirakçıları ilə  xatirə şəkli çəkdirmişdir. Sonra qonaqlar şəhərin gəzməli-görməli yerləri ilə, xüsusən, son illərdə tikilib istifadəyə verilmiş sosial obyektlərlə, Heydər Əliyev adına park, Heydər Əliyev Mərkəzi, Fəxri Qazaxlılar parkı, İsmayıl Şıxlı parkı, Ədəbiyyat Muzeyi, Rəsm Qalereyası, Şahmat Məktəbi, Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi və s. tanış olmuşlar. Qonaqlar “Fəxri Qazaxlılar” parkı ilə tanış olarkən orada son illər aparılmış yenidənqurma və abadlıq işləri, Molla Vəli Vidadinin ,Molla Pənah Vaqifin, Səməd Vurğunun, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Ədalət Nəsibovun və başqalarının xatirəsinə ucaldılmış heykəl və büstlər onlarda səmimi hisslər yaratmışdır.
Tədbir başlanmazdan əvvəl Festival iştirakçıları Ulu Öndərin adını daşıyan parka gəlmişlər və orada Heydər Əliyevin xatirəsinə ucaldılmış əzəmətli abidəni ziyarət edib önünə gül-çiçək dəstələri qoymuşlar.
Festivalın açılışı Gənclər Mərkəzində olmuşdur.  Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, qonaqları və tədbir iştirakçılarını salamlamış, onları Qazax rayonunda keçirilən möhtəşəm musiqi bayramı münasibətilə təbrik edərək Festivalın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycanın Aşıq sənəti YUNESKO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilmiş, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya ədəbiyyat inciləri sırasında özünə layiqli yer tutmuşdur.
25 oktyabr 2010-cu il tarixində Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycanda ilk dəfə olaraq keçirilmiş I Beynəlxalq Aşıq Festivalı Aşıq-Ozan sənətinin təntənəsinə çevrilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  misilsiz xidmətləri nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan mədəniyyəti və incəsənəti sözün həqiqi mənasında  böyük yüksəliş dövrü keçmişdir. Bu yüksəliş mədəniyyətimizin və incəsənətimizin əsas qollarından biri olan aşıq sənətinə də aiddir. Aşıq sənəti çox qədimdən formalaşaraq mənəvi tərbiyəvi vasitəyə çevrilmiş   və cəmiyyətin sosial-iqtisadi, mədəni həyatında əhəmiyyətli rol oynamışdır. Ozanların xalqın həyatındakı rolunu açıq göstərən  ən qədim yazılı mənbə “Kitabi Dədə Qorqud” dastanıdır.  Aşıq sənəti indi də bütün xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır.  Aşıqlıq – yaradıcılıq, ifaçılıq və pedaqoji əsasları özündə birləşdirən xalqın fəlsəfi mədəniyyətini formalaşdıran  xüsusi bədii təfəkkür vasitəsidir. Azərbaycanda qədim dövrlədə yaranmış aşıq sənəti bu gündə yaşayır və inkişaf edir. Aşıq sənətinin görkəmli nümayəndələri - aşıq Alı, aşıq Ələsgər, aşıq Şəmşir, aşıq Hüseyn Bozalqanlı, aşıq Mikayıl Azaflı, aşıq İmran Həsənov, aşıq Əkbər Cəfərov, aşıq Mirzə Bayramov, aşıq Əsəd Rzayev, o cümlədən, Qazaxda doğulub boya-başa çatmış görkəmli el sənətkarları aşıq Avdı, aşıq Dərya Məhəmməd, aşıq Cəlal Qəhrəmanov, aşıq Kərəm İncəli, aşıq Ədalət Nəsibov və başqaları müasir aşıq sənətinin inkişafında misilsiz xidmətlər göstərmişlər. Aşıq sənətindən  bəstəkarlamız  da dəyəyrlənirlər və öz yaradıcılıqlarında  ondan istifadə edirlər. Aşıq musiqisinin mövzuları xalqın azadlığı, qəhrəmanlığı, cəsurluğu və xeyirxahlığı kimi  çox müxtəlifdir. Aşıq sənəti dünyada baş verən təzadlardan asılı olmayaraq mövcuddur və bu gün  də təkmilləşərək daha mühüm mövzu və musiqi ifasını formalaşdıraraq yaşayır.
Azərbaycan Mədəniyyətinə və İncəsənətinə göstərilən böyük diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən  bu gün uğurla davam etdirilir. Möhtərəm prezidentimiz Mədəniyyətimizin və İncəsənətimizin ictimai həyatdakı rolunu həmişə yüksək qiymətləndirir, azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
İcra Başçısı sonra demişdir ki, aşıq sənətinin yaşamasında və inkişafında respublikamızın “qərb qapısı” olan Qazax mahalının da öz xidmətləri vardır. 2010-cu ilin oktyabr ayının 24-də Qazaxda keçirilən I Beynəlxalq Aşıq Festivalı və bu gün keçirilən II Beynəlxalq Aşıq Festivalı  dediklərimizə əyani sübutdur.
Bundan sonra, folklorşünas alim, professor Qəzənfər Paşayev çıxış etmiş, qədim aşıq sənətinin yaranması tarixi, inkişafı və bu günü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Festivalın açılışı Qazax aşıqlarının ifası ilə başlamışdır.  Aşıqlardan Eldar İbrahimovun, Samir Allahverdiyevin və İlqar Qələmçərlinin çıxışları alqışlarla qarşılanmışdır.
Söz Türkiyənin Anadolu bölgəsindən gəlmiş aşıqlara verilmişdir.  Ustad aşıq Maqsud Fəryadinin rəhbərlik etdiyi aşıqlar ansamblı maraqlı çıxışları ilə dost, qardaş xalqın görkəmli sənətkarları və ustad aşıqları kimi tədbir iştirakçılarının yaddaşında qalmışdır.
İran İslam respublikasının şərq vilayətindən, yəni, Cənubi Azərbaycandan və Təbriz şəhərindən gəlmiş ustad aşıqlardan  Şahbazinin, Əbülfəzin, Fərəməzin, Talehin və başqalarının çaldıqları saz havaları və oxuduqları aşıq mahnıları tədbir iştirakçılarında Festivala olan marağı daha da artırmış və tədbirə xoş ahəng qatmışdır.
Şirvan aşıq məktəbinin yetirmələri olan ustad aşıqlardan aşıq Əli Tapdıqoğlunun, aşıq Yanvarın, aşıq Almuradın, aşıq Abbasln və gənc aşıq Arifin ifaları tədbir iştirakçılarının sevincnə səbəb olmuş və davamlı alqışlarla qarşılanmışdır.
Gürcüstanın Borçalı mahalından gəlmiş Hicran xanım Mehdiyevanın ifası isə Borçalı aşıq məktəbinin nüfuzunu və hörmətini daha da artırmışdır.
Qazaxstan, Özbəkistan, Türkmənistan və Rusiya Federasiyasının Dağıstan Respublikasınından gəlmiş aşıqların çıxışları, oxuduqları aşıq mahnıları tamaşaçılara xoş təsir bağışlamışdır. Özbəkistandan gəlmiş ustad, ağsaqqal aşıq Abdunəzərin oxuduğu aşıq mahnıları qədim ozan sənətinin gözəl nümunələri kimi yaddaşlarda qalmışdır.
Beləliklə, II Beynəlxalq Aşıq Festivalı çərçivəsində dünyanın 8 ölkəsindən dəvət olunmuş aşıqların Qazax rayonunda geniş kütlə qarşısındakı şıxışları aşıq-ozan sənətinin təntənəsinə çevrilərək böyük maraq və əks -sədaya asəbəb olmuşdur.
Noyabr ayının 16-da qonaqlar  böyük hörmət və zəngin təəsuratlarla Qazax elindən ayrılaraq Tovuz rayonuna yola düşmüşlər.

Keçidlər