Qazaxda payızlıq əkinlər üçün şum aparılır
Son illər Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük pay sahibidir.
Respublika Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verilən tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri ildən-ilə genişləndirilir, yeni kənd təsərrüfatı bitkiləri əkilir.
Əkin sahələrinin ildən-ilə genişləndirilməsinin nəticəsidir ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
Hazırda rayonda gələn ilin məhsulu üçün bünövrə qoyulur, bol məhsul götürməkdən ötrü möhkəm zəmin yaradılır. Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin daha sürətlə aparılmasına təkan vermişdir. Ona görə də rayon üzrə bütün əkinə yararlı sahələrdə şumlama işləri görülür. Bunun üçün kifayət qədər maşın və mexanizm, traktorlar ayrılmışdır. Əvvəlcədən görülən tədbirlərin nəticəsidir ki, hər gün sahələr şumlanır, əkin aparılması üçün hazırlanır.
Bu il əkin sahələri daha da artdığından gün ərzində nəzərdə tutulduğundan xeyli çox sahədə şum qaldırılır. Hazırda əkin sahələrində 51 texnika işləyir. Gün ərzində 190 hektarda şum aparan traktorçular 6807 hektarda şum işlərini başa çatdırıblar.
Əkin işlərinin aqrotexniki qaydalarla həyata keçirilməsinə rayondakı mütəxəssislər tərəfindən nəzarət olunur. Şumlama işlərinin optimal müddətdə aparılması isə mühüm əhəmiyyət daşıyır və gələcəkdə yüksək məhsulun təməlinin qoyulması deməkdir.