İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlər yekunlaşmaq üzrədir
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.
İcra başçısına məlumat verilib ki, bağçada ilk gündən tikinti işləri sürətlə aparılır. Bunun nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi görülüb. Hazırda bağçanın həyətinə tamet döşənir ki, bu iş də yekunlaşmaq üzrədir. Bundan əlavə, binanın xarici fasadında rənglənmə işlərinə başlanılıb. Döşəmələrə laminat vurulması işi aparılacaqdır.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verib.
Kənd sakinləri ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına, rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Son 2 il 4 ayda rayonda bağçaların əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işləri gələcəyimiz olan uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndiriblər.
İstifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bu bağçanın da yüksək səviyyədə təmir olunduğunu qeyd ediblər.
Tam təmirli şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının öz gözəllikləri və yaradılan şəraitlə göz oxşadıqların bildiriblər.
Məlumat üçün bildrək ki, şəhərdə olan sonuncu 6 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulur.