Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli binaların təmiri davam edir

09 oktyabr 2018 | 16:00

Məlumat verdiyimiz kimi, Qazax rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin siyahısında çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasına da rast gəlinir. Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması bunun bariz nümunəsidir. Bundan əlavə, dövlət başçısı İlham Əliyevin respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən bu il təmiri nəzərdə tutulan çoxmənzilli yaşayış binalarından 20-si tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları həmin təmirli binalar sırasındadır.
Hazırda şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı,  N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, “Oxumaq-oxumaq” adlanan binalarda da əsaslı şəkildə təmir işlərinin aparılmasına və dam örtüklərinin dəyişdirilməsinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunan və dam örtüyü dəyişdiriləcək binalardakı mövcud vəziyyətlə maraqlanıb, görülən işlərlə tanış olub. 
İcra başçısı əvvəlcə 37 ailənin yaşadığı “Oxumaq-oxumaq” adlanan binada görülən işlərlə maraqlanıb. Bildirilib ki, bloklarla yanaşı, binanın xarici fasadında suvaq işlərinə başlanılıb.
Rayon rəhbəri görülən işlərin sürətlə və keyfiyyətlə aparılması, elektrik və rabitə xətlərinin səliqəyə salınması üçün tapşırıq və tövsiyələrini verib.
Yaşadıqları binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan sakinlərdən Qaməd Qasımov və başqaları çıxış edərək respublikamızda, eləcə də son 2 il 4 ayda Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərlyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, biz sakinlər çox sevinirik ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi icra olunur. Fəaliyyətə başladığınız ilk gündən biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bizim yaşadığımız binada gördüyünüz işlər, xüsusilə də evə ehtiyacı olan insanlara bu binada yaşamaq üçün yaratdığınız şərait, mütəmadi olaraq qayğılarımızla maraqlanmağınız bunun əyani sübutudur.
Sakinlərin minnətdarlıq dolu ürək sözlərini dinləyən rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və təmir olunan digər binalar kimi, bu binanın da istər bloklarında, istərsə də xarici fasadında yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib. Yaşadıqları binanın əsl təhsilin adına uyğun bir bina olacağını qeyd edib.
Sonra rayon rəhbəri N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı binada olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə bildirilib ki, bloklarda, eləcə də binanın xarici fasadında suvaq işləri və üzlük vurulması işlərinə başlanılıb. Görülən işlərlə yaxından tanış olan icra başçısı işlərin sürətlə və keyfiyyətlə aparılmasını tapşırıb.
Binanın həyətində sakinlərlə görüşən icra başçısı rayonda təmir olunan digər binalar kimi, bu binanın da əsaslı şəkildə təmir olunacağını, bloklarla yanaşı, həyətdə də abadlıq işlərinin aparılacağını qeyd edib. Bundan əlavə, həyətdəki xeyir-şər evinin də yenidən qurulacağını bildirib.
Bu binada yaşayan sakinlər də istər respublikamızda, istərsə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə respublika prezidentinə dərin minnətdarlıqlarını çatdırıblar. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan abadlıq və quruculuq işlərini, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasını yüksək qiymətləndirdiklərini bildiriblər.

Keçidlər