İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri görülür
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə də tanış olub.
Rayonumuzda qonaq olan administrasiya nümayəndəsinə məlumat verilib ki, bu gün rayonda 25 bağça fəaliyyət göstərir. Onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Həmin bağçalardan böyük əksəriyyəti əsaslı şəkildə təmir olunaraq yendən qurulub. Bəziləri üçün yeni binalar inşa olunub. Bu gün həmin təmirli şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının öz gözəllikləri, yaradılan şəraitlə göz oxşayan bağçalar sırasında olduqları bildirilib.
Qeyd olunub ki, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da ilk gündən tikinti işləri sürətlə aparılır. Bunun nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi görülüb. Bağça binasının xarici fasadında rənglənmə işləri aparılır ki, bu iş yekunlaşmaq üzrədir. Bundan əlavə, binanın həyətinə tamet döşənməsi işi də başa çatıb.
Görülən işlərlə yaxından tanış olan administrasiya nümayəndəsi işlərin sürətlə və keyfiyyətlə aparılmasını yüksək qiymətləndirib. Rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
Kənd sakinləri ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına, rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Son 2 il 4 ayda rayonda bağçaların əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işləri gələcəyimiz olan uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndiriblər.
İstifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bu bağçanın da yüksək səviyyədə təmir olunduğunu qeyd ediblər.
Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi İkinci Şıxlı kənd 3 saylı körpələr evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıblar.