İcra başçısı Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Araz Əmilov adına Daş Salahlı kənd tam orta məktəbində olub, müəllimlərlə görüşüb. Müəllim-şagird kollektivi üçün yaradılan şəraitlə maraqlanıb.
İcra başçısı çıxış edərək bildirib ki, "Təhsil millətin gələcəyidir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə həmişə müəllim əməyini yüksək qiymətləndirib. Müəllimlərə böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görmüşdür. Son 15 ildə Respublika Prezidenti İlham Əliyev tərəfindən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələrə əsasən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin inkişafı və keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib. Fəaliyyətə başladğı ilk gündən müəllimlərə göstərdiyi səmimi münasibətə və verdiyi yüksək dəyərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb. Qeyd edib ki, Qazax hər zaman təhsilin, mədəniyyətin beşiyi olub, öz ziyalılığı ilə seçilib. Ona görə də biz təhsil işçilərinin, müəllimlərin üzərinə bu gün böyük məsuliyyət düşür. S.Xəlilova ötən ilin oktyabrında Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin bariz nümunəsi kimi məktəbdə Təhlükəsiz Oyun Meydançasının tikilməsini də qeyd edib. Həmin meydançanın yaradılmasının valideynlərin və uşaqların sevincinə səbəb olduğunu bildirib. Uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək məqsədilə yaradılan bu meydançanı dövlətin təhsil sahəsinə göstərdiyi qayğının əyani təzahürü kimi qiymətləndirib.