Qazax rayonunda 30 min ağac əkilmişdir
Rayonda ağac əkilməsinə hələ ötən ilin payız fəslindən başlanılmışdır. Həmin müddətdən start götürən ağac əkini kampaniyasının geniş vüsət alması nəticəsində ötən il qısa müddətdə 30 min yeni ağac tingləri basdırılmış, vaxtlı-vaxtında suvarılmış, ağacların kök atması təmin edilmişdir.
Ağac əkini kampaniyası qış fəslində də davam etdirilmişdir. Havalar imkan verən kimi rayon sakinləri iməcilik yolu ilə yaşıllaşmaya ehtiyac olan ərazilərə ağac əkmişlər. Ağaclar aqrotexniki qaydalara uyğun olaraq əkilmiş, tələb edilən proseslərə əməl olunmuşdur. Əkin başa çatan yerlərdə tinglərin dibinə rənglənmiş ağac dirəklər basdırılmışdır ki, bu da yeni əkilmiş ağacların daha yaxşı bitməsini təmin etmişdir. Eyni zamanda əkilən tinglərin dərhal suvarılması işi də vaxtlı-vaxtında həyata keçirilmışdir.
Ağaclar əsasən Bakı-Qazax magistral avtomobil yolunun rayon ərazisindən keçən sağ və sol hissələrinə əkilmişdir. Rayonun Bakı istiqamətində giriş hissəsindən tutmuş Sınıq Körpü gömrük buraxılış məntəqəsinə kimi olan yolboyu sahələrə yeni tinglər basdırılmışdır. İki və üç cərgədə əkilmiş ağaclar magistral yola xüsusi bir gözəllik gətirmişdir. Eyni zamanda rayon ərazisindəki yeni salınmış Yuxarı Salahlı-Kəmərli, Qazaxbəyli-Aşağı Salahlı yollarına və başqa ehtiyac olan yerlərə də yeni tinglər basdırılmışdır.
Ağacəkmə kampaniyasında bütün idarə və müəssisələrin kollektivləri, rayon sakinləri yaxından iştirak etmişdir. Bu ilin ötən 3 ayı ərzində rayon ərazisinə 30 mindən çox ağac əkilmişdir. Ötən ildə əkilmiş ağacları da nəzərə alsaq bu, rayonda 50 min ağacın əkilməsi deməkdir.
Qazaxda ağac əkmə kampaniyası sürətlə davam etdirilir. İlin sonuna kimi 100 min ağac əkilməsi nəzərdə tutulmuşdur. Hazırda həm ağac əkilir, həm də suvarılır.