Şəhər 6 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulmasıdır. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda uğurla icra olunur desək yanılmarıq. Son iki il yarım ərzində rayonda çoxsaylı bağçaların təmir olunması üçün verilən tapşırıq və tövsiyələr bunu söyləməyə əsas verir.
Bu gün rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir.
Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.
Şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 2 aya yaxındır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.
İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə tam yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların vurulması işləri başa çatıb. Bundan başqa, otaqlarda olan köhnə suvaq çapılaraq tökülüb və yenisi ilə əvəz olunub. Alt hissənin üzlüyü vurulub, hazırda ikinci qatın vurulması davam edir. Elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir. Lazım olan hissələrdə arakəsmə hörgü işləri həyata keçirilib.
İş icraçısı qeyd edib ki, binanın daxili ilə yanaşı, həyətdə də abadlıq işlərinə başlanılıb. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və yaxın günlərdə tamet vurulacaqdır. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilir. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, hörgü işlərinin xeyli hissəsi görülüb.
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Onu da qeyd edək ki, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulması işləri tam başa çatıb. Hazırda avadanlıqların quraşdırılması aparılır.
Bir sözlə, rayonda təmir olunan bağça binalarının sayının gündən-günə artması onu deməyə əsas verir ki, körpələrə olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır.