Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib

20 oktyabr 2018 | 16:00

Qazax rayonunda ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci ilin oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzaladığı 4 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul şəxsləri, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin məsul əməkdaşları, tərxis olunmuş gənclər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin əziz xatirələri də anılıb. Bu məqsədlə tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sonra tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində davam etdirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq hərbi xidmətdən tərxis olunan gəncləri təbrik edib. Milli Ordu sıralarında xidmət edən qazaxlı gənclərin Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirən icra başçısı rayonda xidmətdən qayıdan gənclərlə bağlı ilk dəfə olaraq belə bir tədbirin keçirildiyini qeyd edib. İstər gənclərin hərbi xidmətə yolasalma mərasimlərinin keçirilməsini, istərsə də qarşılanma tədbirlərinin təşkil olunmasını yüksək qiymətləndirib. Rayon rəhbəri bildirib ki, bu gün 25 il əvvələ nəzər salsaq görərik ki, müstəqil Azərbaycan və onun Milli Ordusu gündən-günə inkişaf edir.
İcra başçısı Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün elə də uzaqda olmadığını bildirdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək hərbi xidmətdən tərxis olunan gəncləri Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirdiklərinə görə təbrik edib.
BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev  çıxış edərək hərbi xidmətin mübarizlik, mərdlik məktəbi olduğunu qeyd edib. Bu məktəbi üzüağ, alnıaçıq şəkildə başa vuran gəncləri təbrik edən natiq son illər müstəqil Azərbaycanın çiçəklənməsi naminə şanlı ordumuzun qazandığı qələbələrdən söz açıb. Ölkəmizdə Milli Ordu quruculuğu siyasətinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Həmin siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Sonda hərbi xidmətdən tərxis olunan gənclərə hərbi biletlər və qiymətli hədiyyələr təqdim olunub.

 

Vəli VƏLİYEV,
“Respublika” qəzeti

19.10.2018-ci il 

Keçidlər