Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda üçəmlər ziyarət olunub

21 oktyabr 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayon sakinlərinə diqqət və qayğı göstərir. Uşaqdan tutmuş böyüyə kimi hər bir rayon sakini ilə maraqlanaraq əlindən gələn köməkliyi əsirgəmir.
Rayon rəhbərliyi Aşağı Salahlı kəndində Qaracayevlər ailəsində dünyaya gələn üçəmləri də unutmayıb. İki qız övladları olan Hacı və Samirə Qaracayevlərin qayğıları və uşaqların səhhəti ilə maraqlanıb.
Bu gün rayon rəhbərinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova və rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova üçəmləri olmuş həmin ailənin qonağı olublar. Ailəyə uşaq arabaları, paltar dəstləri, yemək və şirniyyat hədiyyə ediblər.
Müavin Gulaya Həsənova rayon rəhbərinin səmimi təbriklərini çatdıraraq valideynlərə və onların yaxınlarına gözaydınlığı verib. Rayon rəhbərinin körpə balalara olan sonsuz sevgisindən və göstərdiyi qayğıdan söz açıb.
Həkim Sevda Məmmədova üçəmlər haqqında məlumat verərək bildirib ki, sentyabrın 21-də Gəncə Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrin vəziyyəti normaldır və uşaqlar mütəmadi olaraq yoxlanılır. Qeyd edib ki, hamiləliyin ilk günündən anaya xüsusi diqqət ayrılmış, doğum zamanı lazım olan bütün köməklik göstərilmişdir. Belə ki, ananın körpələrini sağlam şəraitdə dünyaya gətirməsi üçün Gəncə Regional Perinatal Mərkəzinə göndərilmiş və hər cür qayğı ilə əhatə olunmuşdur. S.Məmmədova istər anaya, istərsə də körpələrə göstərilən qayğıya, yaradılan şəraitə görə mərkəzin baş həkimi Nəzakət Həsənovaya və rəhbərlik etdiyi kollektivə minnətdarlığını bildirib.
Övladlarına Rafiq, Cahandar və İlham adları qoymuş valideynlər – Hacı Qaracayev və  həyat yoldaşı Samirə xanım qeyd ediblər ki, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. İlk gündən rayon rəhbərinin qayğısını üzərimizdə hiss etmişik və bu qayğı bu gün də davam edir. Bu qayğını yüksək qiymətləndirən ailə onlara olunan köməkliyə və hədiyyələrə görə minnətdarlıqlarını ifadə ediblər.
Üçəm nənəsi olan Bəturə Abdullayeva da ürək sözlərini bildirib. O, qeyd edib ki, bu gün rayonda elə bir ailə tapılmaz ki, onlara rayon rəhbərliyi tərəfindən qayğı göstərilməsin. Son iki il yarımda ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin rayon rəhbəri tərəfindən ön planda tutulduğunu, rayonda bütün təbəqədən olan insanlara, xüsusilə də aztəminatlı ailələrə diqqət ayrıldığını vurğulayıb. Qızının övladlarını dünyaya gətirməsində əməyi olan insanlara, istər rayonda çalışan həkimlərə, istərsə də Gəncə Regional Perinatal Mərkəzin kollektivinə ailəsi adından minnətdarlığını çatdırıb. Mərkəzdə qaldıqları müddətdə hər cür diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib.
Səmimi söhbət əsasında keçən görüşdə müavin Gulaya Həsənova üçəmlərin doğum haqqında Şəhadətnamələrini atalarına təqdim edib.

 

Keçidlər