Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətlərinə yerində baxılıb

24 oktyabr 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını alıb. Məhz bunun nəticəsidir ki, hər bir vətəndaş yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir. Ona görə də vətəndaşlar ürəklə onları narahat edən məsələləri icra aparatına bildirirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu gün şəhərin Heydər Əliyev prospekti 179 ünvanında yerləşən doqquzmərtəbəli binada yaşayan sakinlərin müraciətinə əsasən yerində baxış keçirməsi və onları narahat edən məsələləri dinləməsi bunun bariz nümunəsidir.
Rayon rəhbəri dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində uğurla icra edildiyini bildirib. Həmin Sərəncama əsasən 100-ə yaxın çoxmənzilli yaşayış binasının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu bildirib. İcra başçısı bildirib ki, ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Vətəndaşların binanın həyətində işıq çəkilməsi, sel sularının qarşısının alınması və digər məsələlərlə ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq verib. Rayon rəhbəri bu binada da əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və digər binalar kimi bu binanın da yüksək səviyyəyə çatdırılacağını qeyd edib.
Sakinlərin binanın balansa alınması ilə bağlı müraciətinə cavab olaraq rayon rəhbəri artıq bu məsələnin həll olunduğunu bildirib. Qeyd edib ki, cari ildə rayonda 7 bina balansa götürülüb ki, onlardan biri də Heydər Əliyev prospektində yerləşən 179 nömrəli binadır.
Bina sakinlərindən Reyhan Vəliyeva, Afət Əsgərzadə, Ülviyyə Poladova, Validə Vəliyeva, Şahin Əliyev və başqaları onların istəyini nəzərə alıb qeyd olunan ünvana gəlməsini, müraciətlərinə dərhal münasibət bildirməsini razılıq hissi ilə qarşılayıblar. Bildiriblər ki, fəaliyyətə başladığınız ilk gündən biz sizin qayğınızı hiss etmişik. Sizin hər gəlişinizlə bizim qayğılarımız aradan qaldırıldı. Uzun illərdən bəri liftlə bağlı məsələmiz köklü şəkildə öz müsbət həllini tapdı. Bu gün də bizim müraciətimizə əsasən qayğılarımızla maraqlanmağa, yerində tanış olmağa gəlmisiniz. Bütün bunlar isə ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazaxda həmişə ön planda olması deməkdir. Əsasını ulu öndərin qoyduğu dövlət siyasətinin və inkişaf strategiyasının bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin əyani sübutudur.
Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən bina sakinləri ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Keçidlər