Qadın namizədlərlə görüş keçirilmişdir
Qazax rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatında Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadınlarla görüş keçirilmişdir.
Yeni Azərbaycan Partiyası tərəfindən Qərb regionu üzrə təbliğat-təşviqat qrupunun üzvləri Gəncə Dövlət Universitetinin dosentləri Emma Aslanova və Vüsalə Veysəlova, həmin Universitetin baş müəllimi Nərgiz Rəsulova və Gəncə Tibb Kollecinin müəllimi Kifayət Fəttahi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova açmış və bələdiyyə seçkilərinə hazırlıqla ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Qazax rayonu üzrə 17 bələdiyyəyə keçiriləcək seçkilərlə bağlı YAP Qazax rayon təşkilatı tərəfindən 165 nəfər namizəd irəli sürülmüşdür ki, onlardan da 61 nəfəri, yəni 37 faizi qadınlardır.
Seçkilərlə bağlı yaradılmış 21 nəfərdən ibarət təbliğat-təşviqat qrupunun üzvlərindən 6 nəfəri qadınlardır. Onlar rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat işlərinin aparılmasında fəal iştirak edirlər. Qadınlarımız ümumiyyətlə, rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında həmişə fəal iştirak edirlər. Ona görə də biz bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş qadınlarımızın səsvermə günü parlaq qələbə qazanacaqlarına əminik.
Sonra Qərb regionu üzrə təbliğat-təşviqat qrupunun üzvləri Emma Aslanova, Vüsalə Veysəlova, Nərgiz Rəsulova, Kifayət Fəttahi və başqaları çıxış edərək Azərbaycanın bugünki uğurlarından, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Pariyasının sədri İlham Əliyev cənablarının məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə əldə olunmuş uğurlardan ətraflı bəhs etdilər. Qarşıdan gələn bələdiyyə seçkilərində qadınlarımızın fəal olması barədə danışdılar və onlara uğurlar arzuladılar.
Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin gördüyü işlərdən, YAP üzvü olan qadınların rayonun ictimai-siyasi həyatındakı fəaliyyətindən ətraflı danışaraq, qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınların qələbə qazanacaqlarına əminliyini bildirmişdir.