Qazaxda bir qrup mədəniyyət işçisi təltif olunub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən diqqət və qayğı göstərdiyi sahələrdən biri də mədəniyyət sahəsidir. Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması bunun bariz nümunəsidir. Ustad Aşıq Ədalət Nəsibovun ildönümü mərasiminin yüksək səviyyədə təşkil olunması, eləcə də oktyabrın 27-də Aşıq Şəmşirin 125 illik yubileyinin böyük təntənə ilə qeyd olunması, şəhərin mərkəzində Dədə Ələsgər və Dədə Şəmşirin möhtəşəm büstlərinin qoyulması rayon rəhbərinin bu sahəyə olan qayğısını əyani şəkildə sübut edir.
Bu gün icra başçısı Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş yubiley tədbirində göstərdikləri fəallıqlarına görə bir qrup mədəniyyət işçisini Fəxri Fərmanla təltif edib.
Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə RİHB aparatının məsul işçiləri, yubiley mərasimində fəallıqları ilə seçilən Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndələyinin əməkdaşları və Qazax Dövlət Dram Teatrının aktyorları iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən mədəniyyət sahəsinə və bu sahədə çalışan insanlara daim xüsusi qayğı ilə yanaşmışam. Bu gün də özümə borc bildim ki, yubiley tədbirinin yüksək səviyyədə keçirilməsində əməyi olan və fəallıq göstərən işçiləri qiymətləndirim.
İcra başçısı Qazax rayonunun istər aqrar, istər tikinti-quruculuq, istərsə də mədəni-kütləvi tədbirlərin təşkil olunmasına görə hər zaman seçildiyini və ön cərgələrdə dayandığını bildirib. Bütün dünyada mədəniyyətin, sazın, sözün beşiyi sayılan Qazaxda bütün tədbirlərin həmişə yüksək səviyyədə keçirildiyini qeyd edib. O cümlədən də Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu çatdırıb.
Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin Aşıq Şəmşirin 125 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı imzaladığı 2 aprel 2018-ci il tarixli Sərəncamı təkcə Aşıq Şəmşirə deyil, eyni zamanda, bütün aşıq sənətinə, aşıqlarımıza verilən ən böyük dəyərdir. Rayon rəhbəri həmin Sərəncamdan irəli gələrək rayonumuzda da həmin tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Bildirib ki, hər bir gözəl işin arxasında insan əməyi dayanır. Buna görə də bugünkü görüşümüzün də məqsədi Siz əməyi olan insanları qiymətləndirməkdir.
Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov, Qazax rayon Mədəniyyət Mərkəzində mədəni təşkilatçı Nailə Əliyeva, Aşıq Yaşar Gülümcanov çıxış edərək mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıya, onlara göstərilən səmimi münasibətə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün bizim əməyimizə verilən qiymət, mədəniyyət sahəsinə olan sonsuz qayğı bizi çox sevindirir. Rəhbər kimi təyin olunduğunuz ilk gündən Sizin biz mədəniyyət işçilərinə olan dəstəyiniz mədəniyyət sahəsinin Qazaxda yüksək səviyyədə tutulmasından xəbər verir.
Çıxışlar başa çatdıqdan sonra Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov, mədəni təşkilatçı Nailə Əliyeva və Aşıq Yaşar Gülümcanov Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş yubiley tədbirində fəal iştiraklarına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Teatrın aktyorlarından Hacı Hacıyev, Aydın Orucov, Yusif Qoca və Zəmanə Dərvişova “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Azərbaycan aşıq sənətinin və Aşıq Şəmşir irsinin təbliğindəki dəyərli xidmətlərinə görə Təşəkkürnaməyə layiq görülüblər.
Bundan əlavə, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva və şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Gülbəniz Əliyeva da əmək funksiyasını yüksək peşəkarıq səviyyəsində yerinə yetirdiklərinə görə icra başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.