Qazaxda 2019-cu il üçün suvarma arxlarının təmizlənməsinə hazırlıq və payızlıq tarla işlərinin aparılması vəziyyətinə dair geniş müşavirə keçirilib
Bu gün 2019-cu il üçün suvarma arxlarının təmizlənməsinə hazırlıq və payızlıq tarla işlərinin aparılması vəziyyətinə dair geniş müşavirə keçirilib.
Gənclər Mərkəzində keçirilən müşavirədə RİHB aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələri, idarə və müəssisə rəhbərləri, məsul işçilər, işçi qrupunun üzvləri, kənd ağsaqqalları, sahibkarlar və KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Rayon rəhbəri bu münasibətlə Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələrini, kənd təsərrüfatı sahəsində çalışan insanları təbrik edib, müstəqil Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyət arzulayıb.
Sonra icra başçısı rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi 2018-ci ildə kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmaqla yanaşı, 2019-cu ildə qarşıda duran vəzifələrdən də danışmaqdır. Məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir.
Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini vermişdir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahəsinin inkişafı üçün böyük səylə çalışırlar.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.
Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindəmn 10127 hektar sahədə şumlanma aparılmış, 978 hektar buğda, 1158 hektar arpa olmaqla, cəmi 2136 hektarda taxıl səpilmişdir.
Geniş müzakirə şəraitində keçən müşavirədə bildirilib ki, 2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner, 62 hektar vələmir sahəsindən 164,3 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 26,5 sentner, 2,4 hektar darı sahəsindən 6,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 26,7 sentner, 259,7 hektar noxud sahəsindən 519,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 78 sentner, 43,5 hektar lobya sahəsindən 339,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner, 543,5 hektar dən qarğıdalı sahəsindən 2962 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 54,5 sentner, 88 hektar sorqo sahəsindən 176 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner, 46 hektar günəbaxan sahəsindən 99,8 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 21,7 sentner, 3571,5 hektar yonca sahəsindən 10080 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 28,2 sentner, 31 hektar bostan sahəsindən 498,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 160,8 sentner, 492,1 hektar tərəvəz sahəsindən 10733 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 218,1 sentner, 1118 hektar kartof sahəsinin 1086 hektarından 29865 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 275 sentner təşkil etmişdir. 32 hektar payızlıq kartof sahəsində isə yığıma başlanılmışdır.
325 hektar üzüm sahəsinin 306 hektarından 3182 ton məhsul yığılmış, məhsuldarlıq 104 sentner və yığım davam edir. 1351,8 hektar meyvə bağından isə 10554,1 ton məhsul istehsal edilmişdir və burada da yığım davam edir.
Bildirilib ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4263 kq olmuşdur. Rayon üzrə 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir. Kiloqramla müqayisə etsək 1637,3 kq çox deməkdir.
Qeyd olunub ki, Qazax rayonunda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də böyük önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.
Tütünçülüyün inkişafı məqsədilə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir.
Vaxtında göstərilən qulluğun nəticəsidir ki, sahələrdən bu günədək 400 ton yaş tütün tədarük edilib. 15,2 ton məhsul "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi sürətlə davam edir.
Sonra müşavirədə payızlıq tarla əkininə hazırlıqla bağlı görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bunun üçün rayonda kifayət qədər texnikanın olması qeyd olunub. Payızlıq əkin işlərinin vaxtlı-vaxtında aparılması, əkin sahələrində şumlanmanın vaxtında təşkil olunması və digər aqrotexniki qaydalara əməl olunması istiqamətində tapşırıqlar verilib.
Müşavirədə payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyindən söz açılıb.
Qeyd olunub ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulsa da 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə bu rəqəmin də artacağı gözlənilir.
Müşavirədə diqqətə çatdırılıb ki, bu gün Suvarma Sistemləri idarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kub.m olan Ağstafaçay su anbarı, tutumu 20 milyon kub.m olan Coğazçay su anbarı, tutumu 2,6 milyon kub.m olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon kub.m olan "Acı dərə” kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır.
Qarşlıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, “Umud” SİB-in icraçı direktoru Mikayıl Umudlu, “Daş Salahlı” SİB-in icraçı direktoru Almara Abdullayeva, Yuxarı Salahlı kənd ağsaqqalı Osman Mustafayev və başqaları çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər. Keçirilən müşavirənin əhəmiyyətindən söz açıb, payızlıq tarla işlərinin aparılmasında böyük rol oynayacağını qeyd ediblər. Respublikamızda iqtisadiyyatın böyük qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazax rayonunda kənd təsərrüfatı sahəsində qazanılan uğurlu nəticələrə və göstərilən hər cür dəstəyə görə rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər bildiriblər ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsini həm də yeni iş yerlərinin yaradılması kimi qiymətləndiriblər. Qeyd ediblər ki, kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Qazax rayonunda əkin sahələrinin ildən-ilə artması da bunun bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.