Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam terror və zorakılığı rədd edir” mövzusunda maarifləndirici tədbir keçirilib

31 oktyabr 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun təhsil müəssisələrində keçirilən maarifləndirici silsilə tədbirlər bu həftə də davam etdirilib. Rayonun Daş Salahlı kənd 1 və 2 saylı, Hüseynbəyli və Canalı kənd tam orta məktəblərində bu cür tədbirlər keçirilib. “İslam terror və zorakılığı rədd edir” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak edib.
RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Mövzu ətrafında rayon prokurorunun müavini Qasım Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rayon Polis şöbəsinin sahə rəisi Sənan Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, RİHB-nin Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Tahir Hüseynli, Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəsi Adil Nuriyev, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham Süleymanov və başqaları çıxış etmişlər.
Çıxışlar zamanı qeyd olunub ki, İslam sözü lüğətdə “Səlm” və ya “Səlam” köklü olub sülh və əmin-amanlıq mənasını bildirir. İslam əbədi sülhün təbliğatçısıdır. Terror, zorakılıq və qorxu dini deyil. İslamla terrorçuluğun eyniləşdirilməsi son iki onillikdə meydana gəlmişdir. Terror əməlləri qeyri–islam dünyasında müsəlmanlara qarşı nifrətin formalaşdırılmasına xidmət edir. Terror sözünün mənası ərəb dilində qorxu deməkdir. ABŞ-da 11 sentyabr 2001–ci il hadisələrindən sonra terrora belə bir açıqlama verilmişdir. Terror – dinc insanları qorxutmaq, onların yaşayışını məhv etmək, maraqlarına, namuslarına, azadlıqlarına təcavüz etmək və yer üzərində fitnə-fəsat törətmək deməkdir. Göründüyü kimi, terrorun əsasını zorakılıq və dəhşət təşkil edir.
Qərb dünyasında İslamın terrorizmlə eyniləşdirilməsi XX əsrin 90-cı illərinə təsadüf etmişdir. Bu gün İslam dünyası ilə Qərb arasında böyük anlaşılmazlıqlar mövcuddur. Təəssüf ki, Qərb dövlətləri belə fikir formalaşdırmağa çalışırlar ki, guya İslamın təbiətində ekstremizm dayanır. Onlar İŞİD, ƏL-QAİDA, BOKO-HARAM kimi terrorçu təşkilatlara İslam donu geyindirirlər. Sözsüz ki, İslama belə bir iftiranın atılması ədalətsizlikdir və günahdır. Ekstremizmin İslamla əlaqələndirilməsi bütün dünya üçün ağır nəticələrə gətirib çıxara biləcək kobud səhvdir. Terrorun yaranması tarixinə nəzər yetirdikdə onun İslam ideologiyası ilə heç bir əlaqəsinin olmadığını aydın görmək mümkündür. Terrorizmin yaranması 1878-ci ildə 24 yanvarda Vera Zasuliçin general Trepovu güllələməsi tarixindən qəbul edilir. Bundan sonra İspaniya, İtaliya, Rusiya, Serbiya, ABŞ, Yunanıstan və başqa ölkələrdə baş vermiş ağır terror hadisələri Avropa və xristian dünyasında baş vermişdir. Qərb dövlətlərində xristianlar tərəfindən törədilmişdir. Lakin bütün bunlara baxmayaraq qeyri-müsəlman ölkələri heç vaxt “xristianlıq terror dinidir” kəlməsini işlətməmişlər. Bəs onda nəyə görə bu gün bu ifadə, yəni terror sözü İslamla bağlı çox narahatlıqla işlədilir?. Ona görə ki, qəlbləri hidayət işığı görməyən insanlar tərəfindən ortaya atılmış bu ifadə yalnız onlar kimiləri üçün inandırıcı ola bilər. Çünki müsəlmanın ruhunda düşmənçilik, kin, qorxu yaratmaq kimi mənfi fikirlər yoxdur. Mömin müsəlman bəndəsi “yaradılanı xoş gördük yaradandan ötrü” həqiqətini həyatının mənasına çevirmişdir. İslamı terrorla əlaqələndirənlər peyğəmbərimizin vida xütbəsindəki fikirlərə diqqət yetirməlidir. ”Ey insanlar! Qanlarınız, mallarınız və namusunuz, bu gününüz, bu ayınız və bu diyarınızın müqəddəsliyi kimi müqəddəs və toxunulmazdır”.
Dinimizin heç bir təlimi terrorizm deyil. Unutmamalıyıq ki, XIII əsrdə fransızlar milyonlarla əlcəzairlini qətlə yetirmişlər. Almaniyada Hitler, İtaliyada Mussolini, Rusyada Lenin, Stalin, Çində Mao, tarixdə serb qəssabı kimi tanınan Miloşeviç və digər diktatorlar heç də İslamdan ruhlanaraq ən böyük vəhşilikləri həyata keçirməmişlər. Eləcə də, I və II  Dünya müharibələrini də müsəlmanlar başlamamışlar. Xaç yürüşlərini də müsəlmanlar təşkil etməmişdir. Daha yaxın tarixdə Norveçdə irqiçilik zəminində çoxlu sayda insanı qətlə yetirmiş Breyvikin də müsəlmanlarla heç bir qan qohumluğu olmamışdır.
Bu nümunələr onu göstərir ki, terrorizmin mərkəzində din deyil, insan faktoru dayanır. Çünki terrorun və terrorçunun dini və vətəni yoxdur. Əslində bu əməllərin mərkəzində dini gözdən salmaqla onları dindən uzaqlaşdırmaq, dindarlara qarşı nifrət yaratmaq məqsədi dayanır. Din pərdəsi altında hər hansı təcavüz elə dinə qarşı edilmiş zorakı hərəkətdir.
Çıxışlar zamanı göstərilib ki, bu məsələlərdə qeyd olunmalı başqa problem ondan ibarətdir ki, terrorçu qüvvələr özlərini fundamentalist hesab edirlər. Lakin nəzərə almırlar ki, həqiqi İslam ardıcılları fundamentalistlərin prinsiplərini inkar edirlər. Bu problemlərin həlli müsəlman ölkələrindən qarşılıqlı anlaşma, əməkdaşlıq və həqiqi dini təfəkkürə yenidən nail olmaq, digər ölkələrdən isə obyektivlik və ədalət tələb edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər