Sakinlərlə səyyar görüş keçirilib
Son iki il yarımdır ki, Qazaxda aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, gündən-günə əldə edilən yeniliklərlə yanaşı vətəndaş amili də ön planda tutulur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər bunu söyləməyə əsas verir.
Rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən və ənənə halını almış həmin səyyar görüşlərdə icra başçısı sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır.
Bu gün icra başçısının növbəti səyyar görüşü şəhərin Bakı küçəsi 1 ünvanında yaşayan bina sakinləri ilə keçirilib. Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovun, RİHB aparatının məsul şəxslərinin, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin, bina sakinlərinin iştirak etdiyi görüşdə rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, bir sözlə, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb. Sadə vətəndaşları narahat edən qayğılarla maraqlanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bina sakinlərini salamlayıb, keçirilən bugünkü görüşün əhəmiyyətindən danışıb.
Rayon rəhbəri bildirib ki, cari ilin proqramına uyğun olaraq sizlərlə səyyar formada görüşürük. Hər kəsə yaxşı məlumdur ki, bu cür səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Çünki fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat edən qayğıları öz dilinizdən eşitməyə çalışmışam.
"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb.
Rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın – deyən icra başçısı 2016, 2017-ci illərdə görülən işləri müqayisə edərək bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.
Bildirib ki, rayonumuzda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107 nəfərin işlədiyini bildirən icra başçısı yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılmasını yüksək dəyərləndirib. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu çatdırıb. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işlərinin aparıldığını, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlərin yekunlaşdığını bildirib. 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görüldüyünü, son tamamlanma işləri aparıldığını qeyd edib.
İcra başçısı Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki il yarım ərzində uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam etdirildiyini bildirib.
Rayon rəhbəri Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara misal olaraq göstərib.
Rayon rəhbəri ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da bu istiqamətdə görülən işlərə böyük təkan verdiyini qeyd edib. Bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib. Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların isə dam örtüklərinin dəyişdirildiyini diqqətə çatdırıb. Bildirib ki, rayonda olan digər çoxmənzilli binalar kimi sizin yaşadığınız bina da əsaslı şəkildə yenidən qurulucaqdır. Binanın dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə atılan ilk addımdır. İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü işlərin görülməsidir. Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Qeyd edib ki, bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Rayon rəhbəri bildirib ki, 2019-cu ildə çəkilməsi nəzərdə tutulan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasına başlanılması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Bu gün sevindirici haldır ki, digər kəndlərdə olduğu kimi, Dəmirçilər kəndində də yeni asfalt yol çəkilir.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar sırasında olduğunu bildirib.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Qeyd edib ki, Çaylı kəndində bağçanın yaradılması üçün lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur. İcra başçısı Orta Salahlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində də uşaq bağçalarının olması üçün məqsədyönlü işlərin görüləcəyini bildirib.
Rayon rəhbəri bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu çatdırıb.
Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 saylı tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, Kosalar, Qaymaqlı və Kəmərli kənd tam orta məktəblərinin də əsaslı şəkildə təmir edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Qəhrəman oğulların əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, nə qədər ki, qazaxlılar var bu müqəddəs məkan ziyarət olunacaq və şəhidlərimizin əziz xatirəsi anılacaq.
Qazax rayonunun 5 kəndinin daim mənfur düşmən gülləsinin atəşinə məruz qaldığını, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin isə hələ də işğal altında olduğunu qeyd edən icra başçısı rayonumuzda həmin kəndlərdən olan məcburi köçkün ailələri üçün yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün 900-ə yaın məcburi köçkün ailəsi var ki, onlardan 304 ailə Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşıb.
İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutudur. Əlavə olaraq məktəb və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə dövlətin qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır.
İcra başçısı mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyində, istər qazın təzyiqində heç bir problemin olmaması və əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi və qışa hazırlıqla bağlı əməli işlərin görülməsi üçün aidiyyəti təşkilatlara tapşırıq verildiyini qeyd edib.
Bina sakinlərindən Nəcibə Adıgözəlova, Qızılhacılı kənd sakini, şəhid anası Qəndab Hüseynova, Sahib Bayramov, Səmayə Məmmədova, Cavanşir Əliyev, Maksim Qocayev və başqaları çıxış edərək bildiriblər ki, Siz rayonumuza elə bir vaxtda gəldiniz ki, illərlə yığılıb qalan problemlərimiz, qayğılarımız həll olundu. Hər bir rayon sakini elə ilk gündən Sizin qayğınızı hiss etməyə başladı. Bu gün rayonumuzda olan abadlıq, gündən-günə artan yeniliklər dövlətin, dövlət başçısının və Sizlərin sayəsindədir. Çıxış edənlər respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən sakinlər əsasını ümummilli lidərin qoyduğu dövlət siyasətinin bu gün onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.