Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yaradılan yeni sənaye müəssisələrinin sayı durmadan artır

01 noyabr 2018 | 16:00

Son illər Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda yaradılan yeni sənaye müəssisələrinin sayı durmadan artır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür.
"Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodu da yeni istehsal müəssisəsidir. Xanlıqlar kəndi ərazisində tikilən yeni zavod ölkə sənayesinin inkişafı ilə yanaşı rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə zavoda baş çəkib, görülən işlərlə tanış olub.
Məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.
Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Eyni zamanda, zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.

Keçidlər