Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam etdirilir

01 noyabr 2018 | 16:00

Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələrlə yanaşı vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu gün dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı son iki il yarımdır ki, uğurla icra edilir desək yanılmarıq. Ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, bir binanın həyətində bu işin davam etdirilməsi vətəndaş amilinin ön planda tutulması və daim diqqət mərkəzində olması deməkdir.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsinin əyani göstəricisidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə şəhərdə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən, eyni zamanda, hazırda təmir işləri aparılan çoxmənzilli yaşayış binalarına baxış keçirib. Binalarda aparılan əsaslı təmir işləri ilə tanış olub.
Rayon rəhbəri və qonaq əvvəlcə 3 oktyabr tarixində əsaslı təmirdən sonra istifadəyə verilən, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binalarında görülən işlərlə tanış olublar.
Respublika Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra olunmasının nəticəsidir ki, son 2 il yarımda abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bunu rayonda inşa olunan sosial obyektlərin, uşaq bağçalarının, məktəblərin tikilməsindən, yolların çəkilməsindən, bir sözlə, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olur. Bu fikirlər bu gün "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında yaşayan sakinlər tərəfindən səsləndirilib. 4 saylı binada yaşayan sakinlərdən Pərnisə Qədimova səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə sakinlər adından öz dərin minnətdarlığını bildirib. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd edib. Bildirib ki, bu gün biz vətəndaş olaraq sevinirik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Qazaxda uğurla icra olunur. Rayonda aparılan abadlıq və quruculuq işləri, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması geniş vüsət alıb.
İcra başçısı və administrasiya nümayəndəsi hazırda əsaslı şəkildə təmir olunan Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada görülən işlərlə də maraqlanıb. Bildirilib ki, binanın blokları ilə yanaşı, xarici fasadında suvaq işləri aparılır. Bundan başqa, elektrik xətləri səliqəyə salınır.
Yaşadıqları binanın təmir olunmasını sevinc hissi ilə qarşılayan sakinlərdən Qaməd Qasımov çıxış edərək qeyd edib ki, biz sakinlər çox sevinirik ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi icra olunur. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bizim yaşadığımız binada gördüyü işlər, xüsusilə də evə ehtiyacı olan insanlara bu binada yaşamaq üçün yaratdığı şərait, mütəmadi olaraq qayğılarımızla maraqlanmağı bunun əyani sübutudur.
Sakinlərin minnətdarlıq dolu ürək sözlərini dinləyən rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və təmir olunan digər binalar kimi, bu binanın da istər blokunda, istərsə də xarici fasadında yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib. 
N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı bina da təmir olunan binalar sırasındadır.
Bu gün icra başçısı və administrasiya nümayədəsi bu binada da görülən işlərlə maraqlanıb. Qeyd olunub ki, binanın istər bloklarında, istərsə də xarici fasadında işlər paralel olaraq aparılır. Bundan başqa, sakinlərin istəyini nəzərə alaraq binanın həyətində xeyir-şər evi də tikilir. İlk gündən işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq hörgünün xeyli hissəsi görülüb. 
Çoxmənzilli binalarda görülən işlərlə tanış olan administrasiya nümayədəsinə məlumat verilib ki, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən artıq şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların da dam örtükləri dəyişdirilib.

 

Keçidlər