Yuxarı Salahlı kənd həkim məntəqəsində sakinlərə xidmət göstərmək üçün hər cür şərait yaradılıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə oktyabrın 1-də istifadəyə verilən Yuxarı Salahlı həkim məntəqəsində olub. Burada yaradılan şəraitlə, sakinlərə göstərilən xidmətlərlə maraqlanıb.
Administrasiya nümayəndəsinə məlumat verilib ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. İlk yardım, baş həkim, ailə həkimi, ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən sanitar qovşağı yaradılıb, istilik sistemi ilə təchiz edilib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, Yaponiya ilə Azərbaycan dövlətləri arasındakı dostluğu özündə əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb.
Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, oturacaqlar qoyulub, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun çəkilməsi işləri aparılıb.
Yuxarı Salahlı kənd həkim məntəqəsinin baş həkimi Şəadət Əliyev yeni inşa olunmuş bu məntəqənin 4000-dən çox kənd sakininə xidmət göstərdiyini bildirib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin istifadəyə verilməsini Yaponiya ilə Azərbaycan arasında olan dostluğun və əməkdaşlığın hədiyyəsi kimi dəyərləndirib.
Məntəqə ilə tanış olan rayon rəhbəri istər sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi, istərsə də məntəqənin təmizliyi ilə bağlı öz tapşırıq və tövsiyələrini verib.