Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Azercell Eksklüziv mağazasının açılışı olub

02 noyabr 2018 | 16:00

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlarda artırmaqda davam edir.
Respublikamızın əksər şəhər və rayonlarında olduğu kimi, bu gün Qazaxda da Azercell Eksklüziv mağazasının rəsmi açılış mərasimi olub.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Azercell şirkətinin məsul şəxslərindən mağazalar şöbəsinin müdiri Fərid Salamov, bölgə mağazalar şöbəsinin rəhbəri Fuad Daşdəmirov, bölgə satış kanalları rəhbəri Emil Ağayev, Qazax Azercell Eksklüziv mağazasının rəhbəri İman İmanov və əməkdaşları, qonaqlar, rayon sakinləri və KİV nümayəndələri iştrak edib.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada yaradılan şəraitlə, təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.
Qazaxda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də sosial və digər sahələrin inkişaf etdiyini qeyd edən müavin rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı şəhərlərdən birinə çevrildiyini bildirib.
T.Musayev rayonumuzda bütün sahələrlə yanaşı, vətəndaş amilinin də ön planda tutulduğunu, rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradıldığını qeyd edib. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən və öz görkəmi ilə seçilən yeni mağazanın istifadəyə verilməsini rayonumuzda sakinlərə göstərilən yüksək xidmətin əyani göstəricisi kimi qiymətləndirib.
Bölgə mağazalar şöbəsinin rəhbəri Fuad Daşdəmirov çıxış edərək qeyd edib ki, Azercell Eksklüziv Layihəsinə 2017-ci ildən start verilib. İlk Eksklüziv mağazası Bakı şəhərində 2017-ci ilin sentyabrında müştərilərin istifadəsinə verilib. Layihə Azercell və partnör şəbəkəsi ilə birlikdə həyata keçirilir. Bildirib ki, layihə özündə tam konsepsiya anlayışını birləşdirir. Belə ki, mağazada müştərilər nömrələri ilə bağlı əməliyyatlar həyata keçirə bilirlər. Yeni xidmətlər, ödəniş, son model, trendə uyğun telefon, aksesuar və s. keyfiyyətli xidmətləri ən sərfəli qiymətlərlə əldə edə bilərlər. Mağazalar vahid, müasir dizayn və tərtibata malikdirlər.
Mağazaların sayı barədə məlumat verərək bildirib ki, hazırda ölkə üzrə 17 Azercell Eksklüziv mağazası fəaliyyət göstərir ki, bunlardan 7-si paytaxt Bakıda, 10-u isə digər bölgələrimizdə yerləşir.
Qeyd edib ki, Qazax Azercell Eksklüziv mağazası sayca 18-ci mağaza olacaqdır ki, rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərəcəkdir. Cari ilin sonuna kimi bölgələrdə daha 3 mağazanın açılışı nəzərdə tutulubdur ki, bununla da bu ilin yekununda fəaliyyət göstərən mağazaların sayı 21 olacaqdır.
Qazax Azercell Eksklüziv mağazası barədə məlumat verən natiq vurğlayıb ki, bu mağaza Azercell və Tunar Telekom şirkətlərinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir. Tunar Telekom şirkətinin 2001-ci ildən etibarən ölkənin Qərb bölgəsində fəaliyyət göstərdiyini və hazırda bölgə üzrə 3 ədəd diller mağazasının olduğunu çatdırıb. Qazax Azercell Eksklüziv mağazasının ilk sınaq olduğunu və bu mağazada 5 nəfər qazaxlının çalışdığını qeyd edib.
Məlumat üçün onu da qeyd edək ki, Azercell-in təqdim etdiyi yeni konsepsiyalı mağazalar abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Bütün yeni konsepsiyalı mağazalarda olduğu kimi, burada da şirkətin müştəri xidmətləri mərkəzlərində həyata keçirilən bir çox əməliyyatların icrası mümkündür. Həmçinin, abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.
Eksklüziv mağazasının açılışı münasibətilə Azercell abunəçilərinə sərfəli kampaniya da təklif edir. Belə ki, yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Müştərilər 60 gün müddətində hədiyyə olaraq təqdim olunan məbləğdən internet xidməti və şəbəkədaxili zənglər üçün istifadə edə biləcəklər.

 

 

Keçidlər