Çoxmənzilli binalar təmir olunur
Bu gün Qazax rayonunda bütün sahələrdə olduğu kimi, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Böyük bir tikinti meydançasını xatırladan rayonda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əməli işlər həyata keçirilir. Bu baxımdan rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi böyük əhəmiyyət kəsb edir. Respublika Prezidenti İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamının son iki il yarımda uğurla icra edilməsi də bunu söyləməyə əsas verir. Ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, bir binanın həyətində bu işin davam etdirilməsi rayon sakinlərinə göstərilən diqqət və qayğıdır.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərdə əsaslı şəkildə təmir işləri aparılan çoxmənzilli yaşayış binalarına baxış keçirib, görülən işlərlə tanış olublar.
İcra başçısı və administrasiya nümayəndəsi əsaslı şəkildə təmir olunan Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada görülən işlərlə maraqlanıb. Bildirilib ki, binanın blokları ilə yanaşı, xarici fasadında suvaq işləri aparılır. Bundan başqa, elektrik xətləri səliqəyə salınır. Bloklarda üzlük vurulması işi demək olar ki, yekunlaşmaq üzrədir.
Bildirilib ki, şəhərin N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı bina da təmir olunan binalar sırasındadır. Bu binanın istər bloklarında, istərsə də xarici fasadında işlər paralel olaraq aparılır. Bundan başqa, sakinlərin istəyini nəzərə alaraq binanın həyətində xeyir-şər evi də tikilir. İlk gündən işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq hörgünün xeyli hissəsi görülüb. Bundan başqa, binanın həyətində olan köhnə daşlar sökülərək səliqəyə salınır, lazım olan yerlərə isə beton tökülür.
Çoxmənzilli binalarda görülən işlərlə tanış olan administrasiya nümayədəsinə məlumat verilib ki, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların da dam örtükləri dəyişdirilib.
Bina sakinləri respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Qazaxda aparılan abadlıq və quruculuq işlərinin, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasının geniş vüsət almasını yüksək qiymətləndiriblər.