Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda taxıl səpini sürətlə davam edir

05 noyabr 2018 | 16:00

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.
Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.
Qazax rayonunda da Respublika Prezidenti İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatlarına yararlı əkin sahələrinin genişləndirilməsi, keyfiyyətli şum, əkin-səpin işlərinin aparılması və məhsuldar toxum sortlarının əldə olunması sahəsində tapşırıq və tövsiyələri uğurla həyata keçirilir.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.
Hər il rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlir. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 10805 hektar sahədə şumlanma aparılmış, 2105,5 hektar buğda, 2143 hektar arpa olmaqla, cəmi 4248,5 hektarda taxıl səpilmişdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Aslanbəyli kəndində taxıl səpilən sahədə olub, görülən işərin gedişi ilə maraqlanıblar.
Məlumat verilib ki, bu il Aslanbəyli kəndində 1400 hektarda taxıl səpini nəzərdə tutulmuşdur ki, bunun da 900 hektarını buğda, 500 hektarını isə arpa təşkil edir. Qeyd olunub ki, bu günə kimi səpin aparılması nəzərdə tutulan 1400 hektardan 1090 hektarında şum aparılmışdır.
Rayon rəhbərliyinə bildirilib ki, taxıl səpininə ilk gündən böyük sürətlə start verilib. 166 hektar buğda, 291 hektar arpa olmaqla, 457 hektar sahədə taxıl səpilmişdir.
Qeyd olunub ki, bundan başqa, taxıl səpini aparılmış sahələrdə suvarma və ziyanvericilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir.
Rayon rəhbəri taxıl səpininin vaxtında başa çatdırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər