İcra başçısı Qazax müəllimlər seminariyasına baxış keçirib
19-cu yüzilin axırları, 20-ci yüzilin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında Qazax müəllimlər seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olub. Bu Seminariya fəaliyyət göstərdiyi dövrdə Azərbaycana Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər bəxş edib.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir.
Azərbaycan təhsilini, ziyalılarını bütün dünyada tanıdan Qazax Müəllimlər Seminariyasının bu il 100 ili tamam olur.
Respublika Prezidenti İlham Əliyevin noyabrın 3-də “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması isə Qazax təhsilinə, bütün qazaxlılara verilən ən böyük qiymətdir. Ən əsası isə ölkə başçısı tərəfindən imzalanan Sərəncamda yer alan dəyərli fikirlər milli təhsilimizə verilən dəyərdir.
Sərəncamda bildirilir ki, “2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.
Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.
Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.
Sərəncamda qeyd olunur ki, Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin”. Sərəncamda qeyd olunan fikirlərdən də görünür ki, Qazax müəllimlər seminariyası milli təhsilimizin başlanğıc dövrüdür.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Qazax müəllimlər seminariyasına baxış keçiriblər. Mövcud vəziyyətlə tanış olaraq sinif otaqlarına baxıblar. Dahi şair Səməd Vurğunun vaxtilə təhsil aldığı sinifdə seminariyanı bitirmiş məzunları, eləcə də o vaxt dərs deyən müəllimləri özündə əks etdirən guşə ilə tanış olublar. Milli təhsilimizin əsasını qoyan seminariyanın tarixinə nəzər salıb, Azərbaycan təhsilinə bəxş etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər.