Qazaxda Uşaq bağçasının yeni binasının açılışı olmuşdur.
Yeni il ərəfəsində Qazaxda Uşaq bağçasının yeni tikilmiş binasının açılışı olmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə müəssisə, təşkilat, ictimaiyyət və KİV nümayəndələri, müəllim və tərbiyəçilər, valideyinlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bütün xalqımızı, müəllim və tərbiyəçiləri, uşaqları və valideyinləri təbrik etmişdir. Onlara möhkəm can sağlığı və öz işlərində yeni-yeni nailiyyətlər arzulamışdır.
Cənab Ayaz Əsgərov binanın açılışını bildirən lenti kəsdikdən sonra qeyd etmişdir ki, bu ilin aprel ayında möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qazax rayonunda iki ədəd, hər biri yüz yerlik yeni uşaq bağçasının tikintisinə başlanılmışdır. Ölkənin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması ölkə prezidenti İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir.
Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulmasl ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsilin inkişafı ilə bağlı fəaliyyətində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazax rayonunda inşa edilmiş iki yeni uşaq bağçası ( biri 1 ay əvvəl istifadəyə verilmişdir) bir daha göstərir ki, Fondun hazırladığı bu cür layihələr Qazax rayonunda uğurla və ardıcıl həyata keçirilir.
Hazırda açılışını etdiyimiz bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətandaşı kimi yetişməsi üçün hər bir şərait yaradılmışdır. Burada uşaqların əqli, fiziki inkişafı, sağlamlıqlarının qorunması, istirahəti və əyləncəsi üçün geniş imkanlar vardır.
Sonra bağçanın müdiri Şahnabad Nəsibova, valideyn Namiq Alıyev, müəllim-tərbiyəçilərdən Güldanə Mustafayeva və başqaları çıxış edərək təhsilimizə və uşaqların düzgün tərbiyəsinə göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına və Heydər Əlıiyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.