Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı rayonlararası psixiatriya xəstəxanasında aparılan təmir işləri ilə tanış olub

12 noyabr 2018 | 16:00

Respublikamızda qayğıya ehtiyacı olan insanlar daim diqqət mərkəzində saxlanılır. Hər kəsə məlum olduğu kimi, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən kimsəsiz uşaqlara, qocalar evində məskunlaşanlara, fiziki qüsurlu insanlara, ümumiyyətlə bu qəbildən olan bütün Azərbaycan vətəndaşlarına dünyada analoqu olmayan qayğıkeşlik və həssaslıq nümayiş etdirilir. Ölkə başçısı İlham Əliyev tərəfindən bu təbəqədən olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması, daim qayğı ilə əhatə olunması üçün görülən işlərin miqyası isə ölçüyə gəlməz və sadalamaqla bitməz.
Qazax rayonunda da son illərdə rayon rəhbərliyi tərəfindən saysız-hesabsız təqdirəlayiq, xalq tərəfindən yüksək qiymətləndirilən xeyirxah əməllər həyata keçirilir. Hələ ötən yazılarımızda Qazax rayonlararası psixiatriya xəstəxanasında əsaslı şəkildə təmir işlərinin aparılması barədə məlumat vermişdik.
Son iki il yarımdır ki, bu tibb müəssisəsi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində gündən-günə öz simasını dəyişir. Ötən ildən start götürən bu təmir işləri bu il də davam etdirilir. Belə ki, tibb müəssisəsi əsaslı şəkildə təmir olunur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq bu tibb müəssisəsinə baş çəkir, buradakı son vəziyyətlə maraqlanır.
İcra başçısı bu gün də rayonlararası psixiatriya xəstəxanasında olub. Burada aparılan təmir işləri ilə yaxından tanış olaraq xəstəxanaya baxıb. Tibb müəssisəsinin təmirdən əvvəlki və sonrakı vəziyyətini özündə əks etdirən stendlə tanış olub.
Tibb müəssisəsinin baş həkimi Ramiz Mansurov bildirib ki, 100 çarpayılıq bu tibb ocağı 1962-ci ildən fəaliyyət göstərir. 1979-cu ildən isə qeyd olunan müəssisəyə rəhbərlik edir. Həmin dövr ərzində xəstəxanada demək olar ki, heç də normal təmir işləri aparılmamışdır. Qeyd edib ki, Siz Qazax rayonuna rəhbər kimi təyin olunduqdan sonra rayonun əksər idarə və müəssisələrinə, o cümlədən Qazax rayonlararası psixiatriya xəstəxanasına baş çəkdiniz. Xəstəxanadakı bərbad və dözülməz vəziyyəti gördükdə dərhal təmirlə bağlı müvafiq qurumlara ciddi tapşırıqlar verdiniz. Elə həmin günün səhəri müəssisədə sürətli təmir işlərinə start verildi.
İlk öncə tamamilə yararsız vəziyyətdə olan qazanxana binası əsaslı təmir olunaraq bütün lazımi avadanlıqlarla təchiz olundu. Xəstəxana mərkəzləşmiş istilik sistemi ilə təmin olundu. Müəssisədə daimi isti və soyuq suyun təminatı həyata keçirildi. Kanalizasiya sistemi tamamilə yeniləndi. Sanitar qovşaqlar əsaslı təmir olunaraq istifadəyə verildi. Binanın dam örtüyündə lazımi təmir işləri aparıldı. Yeməkxana yüksək səviyyədə təmir olunaraq yeni avadanlıqlarla, mətbəx hissəsi isə təzə qab-qacaq dəsti və soyuducularla təmin olundu.
Baş həkim qeyd edib ki, xəstəxana iki növbəli fəaliyyət göstərir. Belə ki, qadın və kişilər yeməkxanaya ayrı-ayrılıqda daxil olurlar. Xəstəxananın 1-ci və 2-ci mərtəbəsi tam təmir olunaraq istifadəyə verilmişdir. Əsas binanın 1-ci və 2-ci mərtəbəsi arasındakı qəza vəziyyətində olan pilləkən yenilənmişdir. Bundan başqa, tibb müəssisəsinin həyətindəki əvvəlki səliqəsizlik və antisanitar vəziyyət aradan qaldırılaraq 120 ədəd cürbəcür meyvə ağacları, binanın digər tərəfində isə 110 ədəd müxtəlif növ bəzəkli ağac və gül kolları əkilərək lazımi aqrotexniki qulluq göstərilir. Bunlarla yanaşı həyətdə voleybol meydançası quraşdırılmışdır. Vaxtaşırı xəstəxana yumşaq və bərk inventarlarla təmin olunur.
Baş həkim onu da bildirib ki, sizin 8 Mart - Beynəlxalq Qadınlar Bayramı günündə xəstəxanaya gələrək müəssisənin qadın əməkdaşlarını, eləcə də xəstə qadınları təbrik edərək, onlara gül dəstələri və qiymətli hədiyyələr təqdim etməyiniz, bu hal xəstəxana tarixində ilk hadisə kimi hər kəsin böyük sevincinə səbəb oldu.
Bu gün xəstələrin qidalanmasına yaradılmış xüsusi komissiya nəzarət edir. Xəstələr daim mövsümi meyvələrlə, istədikləri yeməklərlə təmin olunurlar. Bu isə insan qayğısına və nəvazişinə hamıdan çox ehtiyacı olan insanlara dövlətin ayırdığı qayğı deməkdir. Bu gün burada müalicə alan xəstələr bu qayğını Sizin sayənizdə yaxından hiss edirlər.
Baş həkim hazırda tibb müəssisəsində təmir işlərinin aparıldığını və işlərin sürətlə davam etdirildiyini də qeyd edib.
Baş həkim öz adından, rəhbərlik etdiyi kollektiv və xəstələr adından xəstəxanaya göstərdiyi hədsiz diqqət və qayğıya görə icra başçısına dərin təşəkkürünü bildirib.
İş icraçısı Oruc Vəliyev rayon rəhbərliyinə məlumat verərək bildirib ki, xəstələr üçün ayrılmış görüş otağı əsaslı şəkildə təmir olunur. Otağın dam örtüyü, qapı və pəncərələri dəyişdirilib. Köhnə suvaq sökülərək yenisi ilə əvəz olunub. Xəstələrin rahat şəkildə müalicə almaları üçün hər cür şərait yaradılır. Qeyd edib ki, nəzərdə tutulan işlərin çox hissəsi demək olar ki, görülüb.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova da səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını çatdırıb.

Təmir işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürətlə və keyfiyyətlə aparılmasını tapşırıb. Qeyd edib ki, nəinki psixiatriya xəstəxanası, eləcə də rayonun bütün tibb müəssisələri tələb edilən səviyyədə olmalı, insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilməlidir. Eyni zamanda, müalicə olunan hər bir xəstəyə həssaslıqla, diqqət və qayğı ilə yanaşılmalıdır.

 

Keçidlər