Qazaxda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
Artıq beşinci ildir ki, ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Bu cür tur-aksiyaların təşkil olunmasında əsas məqsəd ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını tanıtmaqdır. Dövlət başçısının təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında bu cür tur-aksiyaların təşkil olunması isə olduqca böyük əhəmiyyət kəsb edir. Məktəblilərin həyatında mühüm rola mailk olan "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya yenidən start verilib.
Belə ki, 14-17 noyabr 2018-ci il tarixlərində həyata keçiriləcək aksiyaya qazaxlı məktəblilər də qoşulublar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkəmizin cənub bölgəsi olan Lənkəran-Masallı-Astara rayonlarının gəzməli, görməli, səfalı yerləri, tarixi memarlıq abidələri, müasir tikililəri ilə tanış olacaqlar.
Hər il olduğu kimi, bu il də "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məkrəblilərlə görüş keçirilib.
Gənclər Mərkəzində keçirilən görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, ziyalılar, kənd ağsaqqalları, təhsil işçiləri, işçi qrupunun üzvləri, məktəb direktorları, məktəbdənkənar müəssisələrin rəhbərləri, Əməkdar müəllimlər, bağça müdirləri, səhiyyə, mədəniyyət işçiləri, idmançılar, tur-aksiya iştirakçıları, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə, əvvəlcə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də rayon rəhbərinin təşəbbüsü ilə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəblinin, qrup rəhbəri, və təhkim olunmuş digər şəxslərin səfər öncəsi "Rayonumuzu tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərinə təşkil olunmuş turu və məktəblilərin həmin yerlər haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı tədbiri giriş sözü ilə açaraq tur-aksiya iştirakçılarını salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri qeyd edib ki, hər il olduğu kimi, builki tur-aksiyamız da yaddaqalan oldu. Bu il istədik ki, daha fərqli yeniliklər edək. "Rayonumuzu tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərinə təşkil olunmuş tur ilk dəfə olması ilə yanaşı, məktəblilərin öz rayonları haqqında dolğun məlumatlar əldə etməsində böyük əhəmiyyət kəsb etdi. Bu gün sevindirici haldır ki, ölkə başçısının təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyalar var və bu gələcəyimiz olan uşaqlarımızın, gənclərimizin, yeniyetmələrimizin dünyagörüşünün formalaşmasına, biliklərinin artırılmasına xidmət edir.
Sonra icra başçısı Rəcəb Babaşov son illər respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər, eyni zamanda “Ölkəmizi tanıyaq” layihəsi haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, artıq beş ildir ki, Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsində əsas məqsəd gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Aksiya çərçivəsində ölkə gəncləri ölkəmizin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzlərinə, Bayraq Meydanları və Muzeylərinə, Gənclər Mərkəzlərinə, Rəsm Qalereyalarına, Tarix-Diyarşünaslıq Muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirir, park və xiyabanları gəzərək, qoruq və göllərə ekskursiya edirlər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, ulu öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Rayon rəhbəri bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir. Onun titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.
Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab etdi və Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" demişdir. Ulu öndər Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Həmçinin, ulu öndər Heydər Əliyev Qazax rayonuna da böyük diqqət yetirmiş və onun 1971, 1979, 1998-ci il səfərlərindən sonra rayonun sosial-iqtisadi, kənd təsərrüfatı, elm, səhiyyə, mədəniyyət, təhsil, tikinti-abadlıq və çoxmənzilli yaşayış binalarının tikintisi sahəsində böyük nailiyyətlər qazanılmış və uğurlar əldə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edərək bildirmişdir ki, "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır”.
Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuşdur.
Dövlət başçısının müvafiq Fərman və Sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata keçmişdi. Hazırda 2014-2018-ci illər üçün “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunur.
Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Bu İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.
İcra başçısı vurğulayıb ki, ölkəmizin neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Məlum olduğu kimi, “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının işlənməsi ilə bağlı neft müqaviləsinin imzalanması həyata keçirilib. Bu müqavilə “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının uzun müddət işlədilməsini nəzərdə tutur. Burada əsas şərtlərdən biri SOCAR neft şirkətinin pay faizinin artması ilə bağlıdır. Əgər SOCAR-ın 1994-cü ildə imzalanan müqavilədə payı 11,6% olubsa, hazırda bu rəqəm 25% təşkil edəcək. Bundan əlavə, SOCAR-a 3,6 milyard dollar bonus veriləcək. Yəni müqavilə imzalandıqdan sonra həmin şirkətlər dövlətə 3,6 milyard dollar ödəyəcəklər. Digər tərəfdən bu layihə ilə əlaqədar Azərbaycana 40 milyard dollara yaxın investisiya qoyulacaq. Bu da “Əsrin müqaviləsi”nin yenilənməsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu göstərir.
Dünya dövlətlərinin maraq göstərdiyi “Cənub” qaz dəhlizi, TANAP, TAP layihələrinə tərəfdaşların da sayı artmaqdadır. Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə Azərbaycan haqqında səslənən xoş məramlı sözlər ölkəmizə verilən dəyər olmaqla ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin qətiyyət və siyasi iradəsinin təsdiqi kimi hər bir ölkə vətəndaşını qürurlandırdı. “Cənub” qaz dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər. Bundan başqa, 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu da ölkəmiz üçün tarixi və strateji əhəmiyyətli layihədir. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır. 14 may 2018-ci il tarixdə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olmuşdur. Kompleksin açılışında çıxış edən ölkə prezidenti həmin günün ölkəmizin həyatında çox əlamətdar bir gün olduğunu vurğulamış və Bakı Limanının ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacağını bildirmişdir.
Rayon rəhbəri bildirib ki, Azərbaycanın müstəqillik tarixində daha bir əlamətdar və uğurlu hadisəyə şahidlik etdik. Son 5 il ərzində "Azerspace-1" telekommunikasiya peyki, "Azerskay" müşahidə peykindən sonra sayca üçüncü peyk "Azərspace 2" orbitə çıxarıldı. Bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev bildirmişdir: “Ölkəmiz kosmik məkanda mövqeyini daha da möhkəmləndirir. Artıq əminliklə demək olar ki, Azərbaycan kosmik dövlətə çevrilib: "Azərspace 2”nin orbitə buraxılması ölkəmizin həyatında çox əlamətdar bir gündür. Sentyabrın 26-sı "Azərspace 2" peykimiz orbitə çıxarıldı. Cənab Prezident bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək, bu ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur" - deyərək öz dəyərini vermişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dövlətin bu siyasətinin, humanist missiyasının həyata vəsiqə almasında mühüm rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan mənfi meyillərə qarşı barışmaz mövqe tutur. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunana qədər bütün ictimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayıb. Mehriban xanım məhz bu sahələrdə həyata keçirdiyi layihələr, gördüyü işlər sayəsində xalqın etimadını, inamını, məhəbbətini qazanıb: "Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ümumilikdə Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza atıb. Buna misal kimi, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və s. yüzlərlə belə faktları sadalamaq olar. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, əsaslı təmir olunan şəhər 2 və 3 saylı körpələr evi-uşaq bağçası, əsaslı şəkildə təmiri davam etdirilən 6 saylı körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı, Kosalar kənd 2, 3 saylı və Xanlıqlar kənd körpələr evi uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası, Bala Cəfərli, Quşçu Ayrım və Canalı kənd uşaq bağçaları körpə balaların sağlam şəraitdə böyümələri üçün həyata keçirilən tədbirlərin əyani nümunəsidir. Bundan əlavə, rayonumuz üçün önəmli hadisələrdən biri Qazax səhiyyəsinin inkişafına təkan verəcək Qazax rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisinin başa çatdırılmasıdır.
Mehriban xanımın təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir.
Bildiyiniz kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nı təsdiq etdi və bu proqram həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Son illərdə 100-ə yaxın qəsəbə salınıb, 300 minə yaxın məcburi köçkün evlərlə və mənzillərlə təmin edilib. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi və təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır. Son 15 ildə maaşların, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin dəfələrlə artması və işsizlik probleminin getdikcə aradan qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini vacib vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Bildiyimiz kimi, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini dəfələrlə pozurlar. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Nəticədə 2 dinc sakin ölmüş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmiş, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir. Bu döyüşlərdə Qazax rayonunun üç igid oğlu Mühid Orucov, Elvin Namazov və Orxan Əliyev qəhrəmancasına şəhid olmuşdur. Onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qazax şəhərinin mərkəzində bulaq kompleksi tikilib istifadəyə verilmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılmışdır. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir.
Beş il ərzində ölkədə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 20 min 254 məktəbli iştirak etmişdir.
2014-cü ilin sentyabr ayında səfər proqramına uyğun olaraq tur-aksiyada iştirak edən Qazax rayonunun 38 nəfər məktəblilərindən ibarət heyət respublikanın Şimal-Qərb rayonları istiqamətində, 2015-ci ilin mart ayının 15-dən XI sinifdə oxuyan təhsildə xüsusi fərqlənən 5 nəfər məktəbli və 1 nəfər təhsil işçisi tur-aksiya zamanı Naxçıvanda, 2015-ci ilin noyabr ayının 16-da keçirilən aksiya çərçivəsində 35 şagird, 4 müəllim və 1 həkim Lənkəran-Lerik-Astara rayonlarında, 2016-cı ilin 12-15 noyabr tarixində rayon üzrə 40 nəfər məktəbli, 4 nəfər təhsil işçisi və 1 nəfər həkim olmaqla, cəmi 45 nəfər nümayəndə Lənkəran-Astara-Masallı bölgəsində, 2017-ci ilin mart ayında 40 nəfər məktəbli, 4 nəfər təhsil işçisi və 1 nəfər həkim olmaqla, 45 nəfər nümayəndə Qəbələ-Şəki–Zaqatala istiqamətində, 2017-ci il 11-14 noyabrında 40 nəfər IX və XI sinif şagirdləri və 5 nəfər müşayiət üzvü Lənkəran-Masallı-Astara rayonlarında və 2018-ci il 26-29 mart tarixlərində Qəbələ-Şəki-Zaqatala rayonları üzrə növbəti tur-aksiyada iştirak etmiş və sadalanan rayonların hər birinin sosial-iqtisadi vəziyyəti, turizmi və inkişafı ilə yaxından tanış olmuşlar.
Məlumat üçün bildirim ki, 2017-ci ilin mart ayında keçirilən tur-aksiya çərçivəsində Azərbaycan İntellektual Klublar Assosasiyasının təşkilatçılığı ilə məktəblilər üçün layihənin bir hissəsi olan “Nə? Harada? Nə zaman?” başlığı altında intellektual oyun təşkil olunmuşdur. Mübarizə şəraitində keçən oyunda 40-dan çox komanda iştirak etmişdir. İntellektual oyunun nəticələrinə görə Qazax rayonunun məktəblilərindən ibarət komanda 1-ci yerə layiq görülmüş və qələbə Kubokunu rayona gətirmişlər. Səfərdən qayıdan məktəblilər Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüş, onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Bu il noyabrın 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı respublika üzrə 23 444 nəfər olacaqdır.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, müəllimlərə verdiyi dəyərdən söz açıb. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinə olan qayğısından danışaraq rayonumuzda dahi şair Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, eləcə də, daha 3 kənd məktəbinin – Kosalar, Qaymaqlı və Kəmərli məktəblərinin əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulmasını bu qayğının əyani sübutu kimi qiymətləndirib. “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək iştirakçılarla hər il olduğu kimi, bu dəfə də yüksək səviyyədə görüşün keçirilməsinə görə rayon rəhbərliyinə çoxsaylı müəllim heyəti adından dərin minnətdarlığını bildirib.
Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova, veteran müəllim Cavanşir Rüstəmov, Çaylı kənd ağsaqqalı Qəzənfər Qocayev tədbirdə söz alaraq bildiriblər ki, bu gün biz çox sevinirik ki, müəllimlər və şagirdlər dövlət başçısı, rayon rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunub. Bu gün gənc və yeniyetmələrə göstərilən yüksək qayğının nəticəsidir ki, onların dünyagörüşünün formalaşması, intellektual səviyyələrinin yüksəlməsi, ən əsası da respublikamızın bölgələrini yaxından tanımaları üçün geniş imkanlar yaradılır. Bunun üçün belə yüksək səviyyədə tur-akisyalar təşkil olunur. Biz təhsil işçiləri son iki il yarımdır ki, bir qayğının da şahidi oluruq. Təhsildə fərqlənən istər müəllimlər, istər də şagirdlər daim Siz rayon rəhbərinin diqqətindədir. Bunu mütəmadi olaraq keçirilən görüşlərdən də aydın şəkildə görmək olur. Necə ki, tur-aksiya iştirakçıları ilə keçirilən bugünkü tədbir Qazaxın hər zaman birincilər sırasında dayandığını bir daha sübut etdi. Valideynlərdən Rövşən Bayramlı və Dürdanə Bəkirova çıxış edərək qeyd ediblər ki, bu gün ölkəmizdə təhsil sahəsinə olan diqqət və qayğı ulu öndərin söylədiyi “Təhsil millətin gələcəyidir” kəlamı ilə başladı. Bu gün biz valideynlər sevinirik ki, əsasını ümummilli liderin qoyduğu təhsil siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Rayon rəhbərliyi tərəfindən təhsilə olan qayğı yüksək səviyyədədir. Məhz bu qayğının nəticəsidir ki, builki qəbul imtahanlarının nəticələrinə görə rayonumuz respublika məktəbləri arasında üçüncü yerdə dayanır. Bütün bunlar isə Qazaxın ziyalılar yurdu olmasını bir daha sübut edir.
Tur-aksiya iştirakçılarından Bala Çaylı kənd tam orta məktəbin X sinif şagirdi Günay Quliyeva çıxışında qeyd edib ki, mən Vətənimi çox sevirəm və fəxr edirəm ki, mən Azərbaycanlıyam. 2017-ci il üzrə respublika fənn olimpiadasının iştirakçısı və birincilərin birincisi nominasiyası üzrə qızıl medala sahib olduğunu qeyd edən məktəbli “Ölkəmizi tanıyaq” layihəsinə və məktəblilər üçün yaradılan bu geniş imkanlara görə Respublika Prezidenti İlham Əliyevə minnətdarlığını çatdırıb.
Orta Salahlı kənd tam orta məktəbin X sinif şagirdi Nəzirə Məmmədova da növbəti dəfə təşkil olunan tur-aksiya barədə fikirlərini bölüşüb. “Rayonumuzu tanıyaq” devizi altında təşkil edilən tur-aksiyanın onlar üçün olduqca maraqlı olduğunu bildirib və zəngin təəssüratlarla ayrıldıqlarını qeyd edib. Rayon haqqında ətraflı məlumatlar əldə etmələrində, Qazaxın tarixi abidələri, sosial obyektləri ilə yaxından tanış olmalarında yaradılan şəraitə görə məktəbli yoldaşları adından rayon rəhbərliyinə təşəkkürlərini bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bildirib ki, əziz məktəblilər, sonda demək istəyirəm ki, siz bu tur-aksiyada bir-birindən gözəl məkanlarda olacaqsınız, ölkəmizin cənub bölgəsinin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəksiniz. Sizdən istəyim və tövsiyəm ondan ibarətdir ki, bu tur-aksiya zamanı əldə edəcəyiniz məlumatları, turdan sonra sizi toplayacağım zaman rayonumuzla müqayisəli şəkildə mənə bildirəsiniz. Ən əsası da siz bu turda məktəbli kimi iştirak etməklə yanaşı, eyni zamanda bir qazaxlı kimi rayonumuzu da təmsil edirsiniz. Sizlər öz davranışınızla elə nümunə olmalısınız ki, Qazaxın ziyalılar diyarı olduğunu bir daha sübut edəsiniz. Bu tur-aksiyada sizlərin hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.