Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Qazaxda daha bir layihəsini həyata keçirəcək
Məlumat üçün bildirək ki, Avropa İttifaqının sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsini 2016-cı il dekabr ayında bağlanmış qrant sazişinə əsasən icra edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyi isə layihənin tərəfdaşlarıdır.
Layihə çərçivəsində pilot olaraq Qazax rayonunun “Rayon İnkişaf Planı”nın hazırlanması nəzərdə tutulur. Bu gün layihənin hazırlanması üçün ilkin danışıqların aparılması məqsədilə nümayəndə heyəti ilə görüş keçirilib.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın məsul şəxsləri, Komanda rəhbəri (SLRD layihəsi) Gerald Duda, komponent meneceri (SLRD layihəsi) Witold Sartorius, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev və baş məsləhətçisi Teymurlan Şabanov, Regional Koordinator və Gəncə ofisinin rəhbəri (SLRD layihəsi) Fariz Qarayev, “GFA konsaltinq” şirkətinin eksperti İlkin Qasımlı iştirak ediblər.
Regional Kordinator və Gəncə ofisinin rəhbəri Fariz Qarayev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi regional inkişafa dəstək vermək məqsədilə yerli hakimiyyət orqanlarının ərazi planlaması və idarəetmə bacarıqlarının gücləndirilməsidir. Layihənin digər məqsədlərindən biri turizm və kənd təsərrüfatı sahələrinin yerli və regional səviyyədə inkişafına töhfə verməkdir.
F.Qarayev qeyd edib ki, Qazax rayonunda “Rayon İnkişaf Planı”nın hazırlanması məqsədilə “GFA konsaltinq” şirkəti ilə müqavilə bağlanıb. “Rayon İnkişaf Planı”nın hazırlanması əsasən 4 mərhələdən – Rayon İcra Hakimiyyəti ilə görüş, maraqlı və əlaqəli tərəflərin təhlili, rayonun sosial-iqtisadi məsələləri ilə bağlı diaqnostikası və ən nəhayət “Rayon İnkişaf Planı”nın hazırlanmasından ibarətdir.
Bu mərhələlər çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin noyabr, dekabr, yanvar və fevral aylarında seminarlar və rayona birbaşa səfərlərlə həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd olunub ki, bu layihə rayonun sosial-iqtisadi göstəricilərinin dərindən öyrənilməsində, eləcə də, hazırlanmış plana əsasən rayona yeni investisiyaların qoyulmasında mühüm rol oynayacaqdır.
Bildirilib ki, planın hazırlanmasında iştirak edəcək hər bir tərəfdaş öz sahəsi üzrə mükəmməl və ətraflı məlumata sahib olmalı və təşkilatını layiqincə təmsil etməyi bacarmalıdır. Eyni zamanda, keçiriləcək seminarlarda aktivliyi və fəallığı ilə seçilməlidir.
Sonda görüş iştirakçıları tərəfindən “Rayon İnkişaf Planı”nın hazırlanmasında iştirak edə biləcək tərəfdaşların adları təklif olunub.