Şriftin ölçüsü :

Saytın rəngi :

“Sərhəd kənddəki məktəblərdə psixoloji xidmətinin təşkili” layihəsinin və layihə çərçivəsində çəkilmiş “Güllə altında” filminin təqdimatı olub

15 noyabr 2018 | 16:00

Vətən – hər birimizin anadan olduğu, dədə-babalarımızın, qohum-əqrəbalarımızın yaşadığı torpaqdan başlayır. Vətən məndən, səndən, bizdən başlayır. Vətən, uğrunda canından keçməkdən, bir an belə olsa düşünmədən ölümün gözünə dik baxmaqdan başlayır. Vətən üzərində gəzdiyimiz torpağa sahib çıxmaqdan, onu göz bəbəyi kimi qorumaqdan başlayır. Çünki Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Bütün bunlar isə bir yerdə cəmləşəndə Vətənə bağlılıq, vətənpərvərlik hissi formalaşır.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Bütün sahələrdə olduğu kimi, Qazaxda gənc və yeniyetmələrin öz torpağına, el-obasına bağlı olması, vətənpərvər ruhda tərbiyə olunması, ən əsası da “Vətən sərhəddən başlayır” fikri ilə böyüməsi üçün məqsədyönlü işlər görülür. Hər bir insan çalışdığı sahə üzrə bu istiqamətdə öz töhfəsini verməyə çalışır.
Bu sahədə ən çox məktəblərimizin və müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmovanın Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində məktəb layihəsi kateqoriyası üzrə qalib seçilən “Sərhəd kəndlərində psixoloji xidmətinin təşkili” layihəsi bunu bir daha sübut etdi. 
Rayonun Quşçu Ayrım, Məzəm, Abbasbəyli, Fərəhli, Bala Cəfərli, Böyük Cəfərli kəndlərində böyük fədakarlıqla, mətin və iradə ilə yaşayan əhalimizin psixoloji durumuna dəstək məqsədilə hazırlanmış bu layihə onu göstərir ki, rayonda istər müəllim, istərsə də başqa bir peşə sahibi Vətənin sərhəddən başladığını göstərmək üçün var qüvvəsi ilə çalışır.
Bu gün 20 iyul–20 noyabr tarixlərində icra müddəti olan “Sərhəd kəndlərində psixoloji xidmətinin təşkili” layihəsinin və layihə çərçivəsində Qazaxın sərhəd kəndi olan Məzəmdə çəkilmiş “Güllə altında” filminin təqdimatı olub.
Şəhər F.Şamoyev adına 4 nömərli tam orta məktəbdə keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, layihədə iştirak edən və yaxından dəstək olan insanlar, filmdə çəkilən və öz ürək sözlərini çatdıran kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri Şəlalə Məhərrəmova çıxış edərək öz layihəsi haqqında geniş məlumat verərək bildirib ki,  apardığım müşahidələr və sorğular nəticəsində məlum oldu ki, həmin kəndlərin əhalisi daima stres vəziyyətində olduqları üçün az və ya çox dərəcədə davamlı olaraq psixoloji gərginlik yaşayırlar, xüsusən də, çox həssas sinir sisteminə malik, böyüməkdə olan gənc nəsil. Bu uşaqlar hər dəfə mənfur qonşular tərəfindən atəşkəs pozulduqda güclü təşviş hissi keçirir, onların daim gərginlik içində olan valideyinlərinin davranışında isə nevroloji məqamlar hiss olunur. Belə olduqda isə istər-istəməz valideynlər içərilərində yığılmış neqativi uşaqlarına şiddət göstərərək çıxarırlar. Onlar bunu bilərəkdən yox, psixo–pedaqoji savadlılığın qıtlığı səbəbindən edirlər. Hələ fizioloji, anatomik və psixo-sosial yönümdən tam formalaşmamış uşaqlar, bir tərəfdən müharibə təhlükəsi, bir tərəfdən ailədəki aqressiya, digər tərəfdən müəllimlərin pedaqoji ustalığının nisbətən aşağı olması ilə üzləşərək psixoloji şiddətin qurbanlarına çevrilirlər.
Layihənin əsas məqsədi barədə danışan Ş.Məhərrəmova qeyd edib ki, əsas istəyimiz Qazax rayonunun Ermənistanla birbaşa həmsərhəd kəndlərinin (Böyük Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm (erməni səngərləri ilə kəndin ərazisi arasında 40 - 50 metr məsafə var) Fərəhli, Abbasbəyli kəndi) məktəb psixoloqları, sinif rəhbərləri və valideynləri üçün silsilə maarifləndirici təlimlər keçirmək, həmin təlimlərdə psixoloji şiddətin əlamətləri, növləri və fəsadları haqqında mühüm nüansları onlara çatdıraraq müxtəlif yaş kateqoriyasına aid şagirdlər üçün ailədə və məktəbdə optimal və konfortlu psixoloji mühit yaratmaqla təhsilin keyfiyyətinin artırılmasına və müharibə şəraitinin illər boyu yaratdığı psixoloji gərginliklərin aradan qaldırılmasına nail olmaq idi.
Layihənin rəhbəri görülən işlər barədə danışaraq bildirib ki, 6 gün ərzində ekspert Tahirə Xasməmmədova tərəfindən hədəf ərazidə (6 kənd) ailələr keys menecment, genoqramma, sosioqramma, eko xəritə alətləri vasitəsilə qiymətləndirilib. Layihə davam etdiyi müddətdə valideyn–uşaq–müəllim arasında münasibətlərin kəskinləşməsi yaranarsa, onlara  xidmət məqsədilə yaradılan “Təcili psixoloji yardım” komandası (təcrübəli pedaqoq Şəlalə Məhərrəmova və məktəb psixoloqları Afaq Mədətova və Gülnarə Məmmədova) tərəfindən konsultasiya və psixoloji xidmət təşkil edilib.
Qeyd edib ki, həmin “Təcili Psixoloji yardım” mərkəzinə 3 ay ərzində 165 nəfər uşaq və valideyn müraciət edib. Həssas ailələrin uşaqlarının və təhsildə geriləyən şagirdlərin dərsə marağının qaldırılması, motivə edilməsi və psixoloji gərginliyin aradan qaldırılması məqsədilə yay tətili ərzində gəzinti turları təşkil olunub. Məktəb psixoloqu tərəfindən təhsil müəssisəsində mövcud olan mənəvi–psixoloji atmosferin diaqnostikası (müəllimlərin psixoloji durumu), onun şagird şəxsiyyətinə təsirinin müəyyənləşdirilməsi, sinif rəhbərlərinnin psixo-sosial savadlılığının artırılmasını təmin edən təlimlərə cəlb edilməsi istiqamətində də bir sıra işlər görülüb.
Hədəf ərazidə çalışan məktəb psixoloqlarının peşəkarlığını artırmaq məqsədilə 1 günlük 4 saatlıq təlim təşkil edilib. 1 həftə ərzində hər bir məktəb üçün ayrı-ayrılıqda xüsusi sorğu nəticəsində şagird ailələrinin (100 valideyn) psixoloji durumunun diaqnostikası, təhlili aparılıb və təhlilin nəticələrinə görə qruplaşdırılıb. 1 ay ərzində hər bir məktəb üçün ayrı-ayrılıqda müəyyənləşdirilmiş qruplar üzrə valideynlər ənənəvi neqativ yanaşmalardan çəkindirmək məqsədilə psixo-sosial savadlılığın artırılmasını təmin edən təlimlərə cəlb ediliblər.
1 ay ərzində (noyabr) hər kəndin öz məktəbində pedaqoji heyət, məktəb psixoloqları da daxil olmaqla valideynlərə “Uşaqlara psixoloji şiddət və onun fəsadları”, “Valideyn uşaq münasibətlərinin yaxşılaşdırılması üzrə “Güclü uşaq və güclü valideyn”, “Uşaqlar və keçid yaş dövründə onları anlama və pozitiv yönləndirmə” təlim proqramları təşkil olunub.
Sonra Məzəm kəndində yaşayan uşaqların həyatının bir gününü əks etdirən “Güllə altında” filminin təqdimatı olub.
Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin və Gömrük Akademiyasının məzunu, “Mən Azərbaycanlıyam” intellektual yarışmasının qalibi olan Elmar Nəbiyevin rejissoru olduğu tanıdıcı filmdə sərhəd kəndi olan Məzəmdə yaşayan uşaqların həyat tərzi öz əksini tapıb. Bundan başqa, dövlətimizin, dövlət başçısının, Təhsil Nazirliyinin, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin sərhəd kəndlərinə diqqət və qayğısını, dəstəyini nümayiş etdirən fikirlər yer alıb. Filmdə müharibə illərinin ağrı-acıları xatırlanıb, düşmən gülləsinin izlərini göstərən kadrlar çəkilib.
Filmdə fikirlərini bölüşən kənd sakinləri bildiriblər ki, 25 ildən çoxdur ki, rayonun işğal altında olan kəndləri ilə yanaşı, 5 kəndi də daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Digər kənd sakinləri kimi Məzəmdə yaşayan sakinlər də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd də 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəndin sərhəddə yerləşməsi nəzərə alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.
Çıxış edən sakinlər Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd ediblər. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini, şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildiriblər.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək həyata keçirilən layihənin uğurla icra edilməsinə və bugünkü təqdimat mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən müəllimləri, iştirakçıları təbrik edib. Bu cür layihələrin sərhəd kəndlərində yaşayan insanların psixoloji vəziyyətlərinə təsirinin çox böyük olduğunu bildirib və davamlı olaraq keçirilməsini arzulayıb. Qeyd edib ki, bu layihə onu göstərdi ki, düşmənlə bir addımlıqda yaşayan sadə kəndlilər necə mətin və mübarizdirlər. Onları düşmən gülləsi belə öz ata-baba yurdlarından çıxarda bilməz. Çünki onlar öz prezidentləri, Ali Baş Komandanları İlham Əliyevə arxalanırlar. Bu gün rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunublar. Ən əsası da məzəmlilər bilirlər ki, düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunacağı gün elə də uzaqda deyil. 
Təqdimatda iştirak edən Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, metodist Məhəmməd Cəfərov, şəhər 3 nömrəli məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova, 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, M.Hüseyn adına məktəb-liseyin tədris hissə müdiri Rəhim Muradov, Böyük Cəfərli kənd tam orta məktəbin direktoru Fazil Almazov, Bala Cəfərli kənd ibtidai məktəbin direktoru Yasəmən Quliyeva, Quşçu Ayrım kənd tam orta məktəbin direktoru Yetər Mustafayeva, direktor müavini Lətif Dünyamalıyev, Məzəm kənd ibtidai məktəbin direktoru Cəbrayıl Osmanov, layihənin psixoloqu Afaq Mədətova və başqaları çıxış edərək layihə və film haqqında fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, filmdə gördüklərimizdən aydın olur ki, bu layihə tək layihə xətrinə həyata keçirilməyib. Bu layihədə komanda üzərinə düşən işin məsuliyyətini dərk edərək layiqincə yerinə yetirməyə çalışıblar.
Bu cür layihələrin sərhəd kəndlərində yaşayan sakinlərin, xüsusilə də körpə uşaqların psixoloji vəziyyətlərinə dəstək olunmasında böyük əhəmiyyət daşıdığını qeyd edən çıxışçılar filmin bütün məktəblərə paylanılmasını bildiriblər. Sərhəddə yaşayan insanlara dəstək olmaq üçün bu cür layihələrin tez-tez həyata keçirilməsini vurğulayıblar.
Təqdimat mərasimində “Sərhəd kəndlərində psixoloji xidmətin təşkili” layihəsi çərçivəsində iştirak edən və yaxından dəstək olan Quşçu Ayrım, Məzəm, Böyük Cəfərli, Bala Cəfərli kənd məktəblərinin məktəb direktorları və direktor müavinləri Təhsil Nazirliyinin Fəxri Fərmanı, digər iştirakçılar isə Sertifikatlarla ilə təltif olunublar.
Tədbirin yaddaqalan məqamlarından biri də filmdə yer alan 2 yaşlı İbrahimə layihə iştirakçıları tərəfindən velosipedin, məzəmli məktəblilərə isə dərs ləvazimatlarının hədiyyə edilməsi olub. 
Sonda layihə rəhbəri Şəlalə Məhərrəmova çıxış edərək istər layihənin uğurla həyata keçirilməsində əməyi olan, istərsə də təqdimat mərasimində iştirak edən insanlara öz dərin minnətdarlığını bildirib.
Layihədə iştirak edən könüllülərdən - 3 nömrəli məktəbin X-XI sinif şagirdləri olan Elnur Nəbiyevə, Xədicə Muradovaya, Səbinə Abbasovaya, Sabiq Arıxova, Günel Bayramovaya, 1 nömrəli məktəbin məzunları olmuş Emil Musayevə, Emil Hüseynova sərhəd kəndlərində keçirilən bu layihədə qorxmadan fəal iştirak etdiklərinə görə təşəkkürlərini çatdırıb. Bu cür maarifləndirici layihələrin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

 

Keçidlər