Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər Masallı və Astara rayonlarına ekskursiya ediblər

16 noyabr 2018 | 16:00

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan qazaxlı məktəblilər Gəncə şəhərinin, paytaxtın Xətai və Səbail, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa rayonlarının məktəbliləri ilə birlikdə bu gün – ekskursiyanın üçüncü günü Masallı və Astara rayonlarına səyahət ediblər.
Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
İlk öncə aksiya iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
Tur iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Mərkəzlə tanışlıqdan sonra məktəblilər Tarix-Diyarşünaslıq Muzeyində olublar. Muzeylə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Bildirilib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.
Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya edən tur iştirakçılarının diqqətinə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası 2016-cı il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
Məktəblilər "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasında biliklərini sınayıblar, buradakı Kinoklub, ABAD Mərkəzi, Heydər Əliyev adına İncəsənət Məktəbi və Brend dükanla tanış olublar. Qonaqlar “Asan həyat” Kompleksində çay süfrəsinə dəvət edilib.
Sonra Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. İştirakçılar Masallı Sənaye Məhəlləsində də olublar.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Astara rayonuna səyahət ediblər.
Astarada da məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.

 

Keçidlər