Qazaxlı məktəblilər Lənkaran-Masallı-Astaradan xoş təəssüratlarla qayıdıblar
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
Layihə çərçivəsində noyabrın 14-dən 17-dək tur-aksiyada iştirak edən rayonumuzun məktəbliləri Lənkaran-Masallı-Astara marşrutu üzrə ekskursiya edib, respublikamızın cənub bölgəsi ilə yaxından tanış olublar.
Bu gün axşam saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub.
Aksiyadan zəngin təəssüratlarla qayıdan məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər.
Tur rəhbəri Kəmalə Cəfərova bildirib ki, hər il olduğu kimi, bu il də tur-aksiya olduqca maraqlı keçib və məktəblilər cənub bölgəsindən xoş təəssüratlarla qayıdıblar.
Qeyd edib ki, bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmayıb. “Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş “Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə dönüblər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdiriblər. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun “Göyəzən” komandası 1-ci yeri qazanıb. Komandamız Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülüblər. Bundan əlavə, məktəblilər "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasında da biliklərini sınayıblar və qalib olublar.
Tur-aksiya iştirakçılarını qarşılayan Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək qələbə sevinci ilə qayıdan məktəbliləri təbrik edib, səmimi arzularını çatdırıb. Bildirib ki, bu gün rayon məktəblilərinin qalib kimi qayıtmaları bizləri həm həyəcanlandırır, həm də böyük sevinc və qürur hissi bəxş edir. Bu qələbə ölkə başçısı İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 3 noyabr 2018-ci il tarxli Sərəncamına əsl töhfə oldu. Bu qələbə bir daha onu sübut etdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Çünki rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı gündən-günə artır. Bu tur-aksiyada da yaxşıların yaxşısı iştirak edirdi və qazandıqları qələbə də bunu bir daha sübut etdi ki, biz seçimimizdə yanılmamışıq.
“Ölkəmizi tanıyaq” layihəsinin ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən müavin aksiyanın təşəbbüskarı olan ölkə başçısı İlham Əliyevə bütün təhsil işçiləri və Qazax ictimaiyyəti adından dərin minnətdarlığını çatdırıb.
Səfərdən qayıdan məktəblilərdən - Orta Salahlı kənd tam orta məktəbin X sinif şagirdi Nəzirə Məmmədova, Bala Çaylı kənd tam orta məktəbin X sinif şagirdi Günay Quliyeva tur-akisya barədə təəssüratlarını bölüşərək bildiriblər ki, bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, bizlərә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Respublika Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaratdı. Biz məktəblilər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyləri, Gənclər Mərkəzləri, Bayraq Meydanları, Rəsm Qalereyaları ilə tanış olduq. Olduğumuz bölgələrdə gördüklərimiz, şahidi olduqlarımız bir daha onu sübut etdi ki, Qazaxımız kimi digər rayonlarımız da ölkə başçısının rəhbərliyi altında gündən-günə çiçəklənir, daha abad və yaraşıqlı olur. Biz həm də ona görə sevincliyik ki, intellektual yarışdan qələbə ilə qayıtdıq. Bu uğur təkcə bizim deyil, eləcə də digər rayon məktəblilərinin, ümumilikdə Qazax təhsilinin uğurudur. Biz şagirdlər də bu cür tur-aksiyanın keçirilməsinə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Bizlərə həmişə dəstək olduğu üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edirik.
Xanlıqlar kənd tam orta məktəbin IX sinif şagirdi Asim Şahbazlı isə “Qazaxdı” şeirini söyləyərək qələbə qazanan həmyaşıdlarını təbrik edib, üzərilərində əməyi keçən müəllimlərinə, tur-aksiyada iştirak edən təhkimçilərə komanda üzvləri adından minnətdarlıq edib.
Xoş təəssüratlarını bölüşən tur-aksiya iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.