"Gedik-Carçı” Elektrod Zavodu Qazaxda yaradılan yeni istehsal müəssisəsidir
Son illər ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yeni sənaye müəssisələri yaradılır, bu sahədə əldə olunan nailiyyətlərin sayı gündən-günə artmaqda davam edir. Nəinki paytaxla yanaşı, bütün bölgələrimizdə də bu sahənin inkişafına xüsusi önəm verilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür. Rayonda yaradılan yeni sənaye müəssisələrinin sayının ildən-ilə artması bunu söyləməyə əsas verir.
"Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da rayonda yaradılan yeni istehsal müəssisəsidir. Xanlıqlar kəndi ərazisində tikilən yeni zavod ölkə sənayesinin inkişafı ilə yanaşı, rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov zavoda baş çəkib, görülən son tamamlanma işləri ilə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.
Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.
Qeyd olunub ki, hazırda Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqların quraşdırılmasına başlanlıb.
Makina mühəndisi Murat Elyapan zavoda gətirilən avadanlıqlar və quraşdırılma mexanizmi barədə məlumat verib, bütün avadanlıqların keyfiyyətinə üstünlük verildiyini qeyd edib.
Avadanlıqlarla yaxından tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.