Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 2 nömrəli məktəbdə görülən son tamamlanma işləri ilə maraqlanıb

20 noyabr 2018 | 16:00

Bu gün rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə əsaslı tikinti işləri aparılan, dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəb ölkə başçısı İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının, bu sahənin inkişafı istiqamətində gördüyü işlərin əyani sübutudur. Nəinki paytaxtla yanaşı, eləcə də bölgələrimizdə müasir standartlara cavab verən yeni məktəb binalarının inşa olunması isə təhsil sahəsinin daim diqqət mərkəzində olmasından xəbər verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki, tikinti başlayan ilk gündən mütəmadi olaraq görülən işlərlə tanış olur, lazım olan köməklikləri edir. Rayon rəhbəri bu gün də əsaslı şəkildə yenidən qurulan məktəbdə olub, son tamamlanma işləri ilə maraqlanıb.
İş icraçısı Pərviz Qafarov görülən işlər barədə məlumat verərək bildirib ki, işlərə ilk gündən böyük sürətlə start verilib. Məktəbin əsas binasında, A, B, C korpuslarında, sinif otaqlarında, köhnə idman zalı, klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işlərinin aparıldığını bildirib. Məktəbin həyətinə tamet döşəndiyini və bu işin yekunlaşdığını, bundan əlavə, həyətdə dahi şair Səməd Vurğunun yeni büstünün qoyulduğunu qeyd edib.
İş icraçısı bildirib ki, hazırda avadanlıqlar yerləşdirilir. Məktəb üçün lazım olan bütün müasir standartlara cavab verən partalar, yazı lövhələri, əyani vəsaitlər və digər avadanlıqlar gətirilib.
Məlumat üçün qeyd edək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunub.
Məktəbin direktoru Murğuz Mustafayev müəllim-şagird kollektivi barədə məlumat verərək qeyd edib ki, məktəbdə Azərbaycan və rus bölmələri üzrə tədris aparılır. 964 şagird yerlik məktəbdə 45 sinif otağı vardır. 34 sinif komplektində şagirdlərə dərs keçirilir. Həmin siniflərdən 23-ü Azərbaycan, 11-i rus bölməsi üzrədir. Hazırda məktəbdə 641 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 76 müəllim məşğul olur. Bundan əlavə, 6 nəfər rəhbər heyət və 27 texniki işçi çalışır. Azərbaycan bölməsində 2 birinci, 1 doqquzuncu və 2 onbirinci sinif var. Rus bölməsində isə birinci, doqquzuncu və onbirinci siniflərin sayı 1-dir. Bundan başqa, 5 yaşlı hazırlıq qrupunda 51 uşaq elmin sirlərinə yiyələnir.
Məktəb direktoru rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə edib.

.

Keçidlər