Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda inşa olunan Mərkəzi Xəstəxana binasında son tamamlanma işləri aparılır

20 noyabr 2018 | 16:00

Bu gün Qazaxda rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Bu sahə daim diqqət mərkəzində saxlanılır. Məhz rayonumuzda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisi bunun əyani göstəricisidir. Bu xəstəxana binası ölkə başçısının respublikamızın bölgələrində səhiyyə sahəsinin inkişafı istiqamətində gördüyü məqsədyönlü işlərin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni səhiyyə ocağında görülən son tamamlanma işləri ilə tanış olub, xəstəxanaya gətirilən avadanlıqlarla maraqlanıb.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova qeyd edib ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi başa çatdıqdan sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. Bunun üçün 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün avadanlıqlar hissə-hissə gətirilir və quraşdırılır.
Məlumat üçün bildirək ki, Mərkəzi Xəstəxana 10 korpusdan ibarət olacaqdır ki, onun da 5 korpusu inşa olunub və son tamamlanma işləri görülür. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılır, kanalizasiya xətti qoşulur. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənir. 5 korpusdan əlavə, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bundan başqa, xəstəxana binasında təcili tibbi yardım, dializ və ümumi cərrahiyə şöbələrinin də özül hissəsi tökülüb. Bu korpuslar da inşa olunacaqdır. Hazırda işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, 5 korpus yaxın günlərdə istifadəyə veriləcəkdir.
Bu gün düşmənlə 168 km sərhəddə yaşayan rayon sakinləri belə yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını Qazax səhiyyəsinə, bütövlükdə qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırırlar.

Keçidlər