Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda suvarma arx və kanallarında aparılan təmizlik işləri sürətlə davam etdirilir

20 noyabr 2018 | 16:00

Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Ən əsası da respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Məhz bu gün ölkəmizdə aqrar sahənin əsas sahə olması, kənd təsərrüfatında səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin böyük önəm daşıması, istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə qatılması bu istiqamətdə görülən işlərin əyani sübutudur və bu sahənin uğurla inkişaf etdirilməsi deməkdir.
İqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi önəm daşıyır və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradır. Həmçinin rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərir. Bu baxımdan qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Bu sahədə həyata keçirilən məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam etdirilir. Belə ki, rayonumuz nəinki aparılan tikinti-quruculuq işləri, eləcə də kənd təsərrüfatı sahəsində qazanılan uğurları ilə bütün bölgələr arasında öncül yerlərdə dayanır. Bunu rayonda əkin sahələrinin ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İldən-ilə artan əkin sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən hər il suvarma arxlarının və kanallarının təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində tapşırıq verir, bu sahəni daim diqqət mərkəzində saxlayır.
Bu məqsədlə 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 155,83 km-i əl əməyi, 110,75 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.
Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 51,91 km-i təmizlənib. Bunun da 26,35 km-i əl əməyi, 25,56 km-i isə texnika vasitəsilə həyata keçirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Alpout, Abbasbəyli, Dəmirçilər, Ürkməzli. Çaylı-Bala Çaylı kəndlərində olub, arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb.
Alpout kəndində görülən işlərə baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, bu kənd üzrə 4,20 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 3,20 km-i əl əməyi, 1.00 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə əməyi ilə təmizlənmiş arxın uzunluğu 0,41 km-dir.
Abbasbəyli kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 1,30 km məsafənin 0,30 km-i texnika, 1,00 km-i isə əl əməyi ilə görülür. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildirilib ki, 0,35 km əl əməyi ilə kol-kosdan və lildən təmizlənib.
Dəmirçilər kəndində arx və kanalların təmizlənməsində işlər sürətlə davam etdirilir. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildrilib ki,  bu kənd digər kəndlər arasında arxın uzunluğuna görə ən uzun məsafəsi olan kənddir. Belə ki, kənd üzrə 27,10 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 21,40 km-i əl əməyi, 5,70 km-i isə texnika vasitəsilə təmizlənir. Kənddə hələ ki, bu günə kimi 0,45 km arx təmizlənib ki, bu da əl əməyi ilə həyata keçirilib.
Rayon rəhbəri Ürkməzli kəndində görülən işlərlə də maraqlanıb. Tanışlıq zamanı qeyd olunub ki, kənd üzrə 6,40 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 4,00 km-nin texnika, 2,40 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə kimi qeyd olunan məsafədən 0,43 km təmizlənib ki, əl əməyi vasitəsilə aparılıb.
Çaylı-Bala Çaylı kəndlərində də arxlarda aparılan təmizlik işlərinin qızğın çağıdır. Kəndlilərin də yaxından iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün indidən lazımi hazırlıq işləri görülür. Digər kəndlərdə olduğu kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 25,10 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 5,40 km-i texnika, 19,70 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 3,03 km təmizlənib ki, bunun 0,70 km-i texnika, 2,33 km-i əl əməyi ilə həyata keçirilib.
Kəndlərdə arxlarda görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət aparıb, onların fikirlərini dinləyib.
Alpout kəndində səmimi ürək sözlərini çatdıran kənd camaatı bildiriblər ki, ötən il ölkə başçısının müvafiq Sərəncamına əsasən kənddə artezian quyusunun qazılması, kənd sakinlərinin su təminatının yaxşılaşdırılması dövlətin və dövlət başçısının biz sakinlərə olan qayğısı deməkdir. Bundan əlavə, hər il arx və kanallarda həyata keçirilən bu ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır.
Dəmirçilər kəndində rayon rəhbərliyini böyük səmimiyyətlə qarşılayan kənd sakinləri əvvəlcə kəndlərinə yeni asfalt yolun çəkilməsinə görə minnətdarlıq dolu ürək sözlərini çatdırıblar. Qeyd ediblər ki, ölkə başçısı İlham Əliyevin bölgələrimizdə yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində gördüyü işləri bu gün Dəmiçilər kəndinin simasında aydın şəkildə görmək olar. Yeni çəkilən bu yol biz kənd sakinlərinə göstərilən yüksək diqqət və qayğının göstəricisidir. Buna görə biz kənd sakinləri bizi arzusunda oluğumuz yola qovuşdurduğu üçün Prezident İlham Əliyevə minnətdarlığımızı çatdırırıq.
Bütün kəndlərdə suvarma arx və kanallarının təmizlənməsini yüksək qiymətləndirən kəndlilər və təsərrüfatla məşğul olan insanlar payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını bildiriblər. Buna görə də istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Keçidlər