Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə ilə qayıdan məktəblilərlə görüş keçirilib

21 noyabr 2018 | 16:00

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və Rayon İcra Hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılmışdır. 
Məktəblilərin iştirak etdiyi və daha bir mərhələsi uğurla başa çatan "Ölkəmizi tanıyaq” layihəsinin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını əyani, praktik olaraq göstərməkdir.
Respublika Prezidenti İlham Əliyev "Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, bu yüksəliş, bu dinamik inkişaf Azərbaycanın müstəqillik illərində doğulan, ölkənin sabahı olan Azərbaycan vətəndaşlarının-Azərbaycanın yeni nəslinin gözləri önündə baş verir. Bizdən sonra gələn nəsil bizim kimi vətənpərvər, Vətənə bağlı olmalıdır ki, gələcəkdə Azərbaycan güvənli gəncliyə etibar edilsin. Bunu etmək üçün biz möhkəm təməl qoyuruq və bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə hesablanır.
Bəli, aksiya çərçivəsində ölkə gəncləri ölkəmizin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzlərinə, Bayraq Meydanları və muzeylərinə, Gənclər Mərkəzlərinə, Rəsm Qalereyalarına, Tarix-Diyarşünaslıq Muzeylərinə, istehsal və emal müəssisələrinə baxış keçirir, park və xiyabanları gəzərək, qoruq və göllərə ekskursiya edirlər.  Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, ulu öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Bu il noyabrın 14-17 və 18-21 tarixlərini əhatə edən növbəti 10-cu tur-aksiyasında isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən, məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak etmişdir. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 min 444 nəfər olmuşdur.
Sevindirci haldır ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsi hər il Qazax rayonunda  daha yaddaqalan olur və təntənəli şəkildə keçirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərir. Rayon məktəblilərinin daha savadlı, bilikli olması, intellektual səviyyələrinin artması üçün bu sahədə məqsədyönlü işlər görür. Rayon rəhbərinin "Ölkəmizi tanıyaq” layihəsinə olan yanaşması isə tam başqadır. İcra başçısı respublika səviyyəsində həyata keçirilən və böyük əhəmiyyət kəsb edən bu layihəyə xüsusi diqqət ayırır.
Rayon rəhbərinin hər il "Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları ilə istər yola düşməzdən əvvəl, istərsə də qayıtdıqdan sonra görüşlər keçirməsi, xüsusilə də yolasalma və qarşılanma mərasimlərində şəxsən iştirak etməsi, onlara uğurlar arzulaması məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbərinin keçirdiyi bu cür görüşlər artıq bir ənənə şəklini alıb desək yanılmarıq.
Bu gün də "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə sevinci ilə qayıdan iştirakçılarla görüş keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, rayonda Əməkdar və fəxri adlar almış müəllimlər, turda iştirak edən məktəblilər və onları müşayiət edən  şəxslər, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmadı. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə döndülər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirdilər. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandası 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görüldülər. Bundan əlavə, məktəblilər "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasında da biliklərini sınadılar və qalib oldular.
Qələbə sevinci ilə qayıdan məktəbliləri təbrik edən rayon rəhbəri qazanılan bu uğuru dövlət başçısı İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 3 noyabr 2018-ci il tarxli Sərəncamına əsl töhfə olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu qələbə bir daha onu sübut etdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı gündən-günə artır. Bu tur-aksiyada da yaxşıların yaxşısı iştirak edirdi və qazandıqları qələbə də bunu bir daha sübut etdi ki, biz seçimimizdə yanılmamışıq. Məktəblilərin qazandıqları bu qələbə onların bilik səviyyəsini nümayiş etdirməklə yanaşı, “Bura Qazaxdı” fikrini bir daha təsdiqlədi. Çünki biz o kəlmələri elə-belə işlətmirik. Qazax hər zaman böyük bir ziyalı ordusu ilə tanınıb.
İcra başçısı respublikamızda, eləcə də bölgələrimizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə görülən məqsədyönlü işlərdən danışıb. Ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, növbəti tədris ilində rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur.
RİHBA-da aparıcı məsləhətçi-psixoloqu, tur rəhbəri Kəmalə Cəfərova çıxış edərək "Ölkəmizi tanıyaq” tur-aksiyası barədə ətraflı məlumat verib, məktəblilərin qazandıqları qələbə sevinci ilə bağlı təəssüratlarını bölüşüb.
Qeyd edib ki, bu qələbənin qazanılmasında noyabr ayının 10-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ”Rayonumuzu tanıyaq”devizi altında təşkil olunmuş turun da böyük əhəmiyyəti oldu. Belə ki, məktəblilər ilk öncə and yerimiz,  qəhrəmanlıq məbədgahımız olan Şəhidlər Xiyabanını gül dəstələri ilə ziyarət etdilər. Sonra “Azərxalça” ASC-nin Qazax filialında, Ədəbiyyat Muzeyində, Abbasbəyli kənd ərazisində yerləşən, Qazaxımızın simvolu olan “Göyəzən” dağında, Daş Salahlı kəndindəki “Damcılı” mağarasında oldular. “HGC Group” MMC (Qazax Sement Zavodu) və “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”, Yuxarı Salahlı kəndində yerləşən dahi şairimiz Səməd Vurğunun Poeziya Evi, Qazax Tarix-Diyarşünaslıq muzeyi ilə tanış oldular. Bu tanışlıq uşaqlarımzda rayonumuzun gəzməli, görməli yerləri haqqında zəngin təəssüratlar formalaşdırdı və məlumat əldə etmələrində böyük rol oynadı. Ən əsası da ekskursiya etdikləri rayonlarla Qazaxı müqayisə etməkdə yardımçı oldu.
K.Cəfərova bildirib ki, Qazax məktəbliləri tur-aksiya zamanı nəinki intellektual səviyyələri ilə, eyni zamanda tərbiyələri və etik davranışları ilə digər rayonların məktəblilərindən xüsusilə fərqləniblər. 
Layihə haqqında fikirlərini bölüşərək qeyd edib ki, bu layihə adi bir layihə deyil, Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq bir addımdır. Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilən, Azərbaycanın sabahını düşünərək reallaşdırılan, dövlət başçısının gənclərə həssas münasibətini, diqqət və qayğısını təcəssüm etdirən bir layihədir. Daha obrazlı desək, bu layihə Azərbaycanın tərəqqisini göstərən güzgü, Vətənə həsr olunmuş “Vətənpərvərlik nəğməsi”dir. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur–aksiyası ölkə vətəndaşları tərəfindən böyük razılıq hissi və rəğbətlə qarşılanır. Qazax ziyalısı kimi məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına xidmət edən, yeni Azərbaycanı yeni nəsillərə tanıdan, sevdirən, onları milli tarixi kökə bağlayan, gələcəyə hazırlayan bu misilsiz layihəyə, gənclərimizə belə canlı, real Vətən sevgisinin aşılanmasında gəncliyə əvəzsiz xidmətinə görə ilk öncə möhtərəm Prezident İlham Əliyevə, rayon rəhbərliyinə  dərin minnətdarlığını bildirib.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək qələbə münasibətilə məktəbliləri təbrik edib, hər zaman rayon təhsilini yüksəklərə qaldırmalarını arzulayıb. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi qayğı ilə yanaşmasını yüksək qiymətləndirərək rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb. Qazax Rayon İcra Hakimiyyəti ilə rayon təhsil şöbəsi arasındakı səmimi münasibətə görə təşəkkürlərini bildirib və qazanılan uğurların təməlində məhz bu səmimiyyətin, qayğının dayandığını qeyd edib.
Tur-aksiyaya təhkim olunmuş Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov çıxış edərək bildirib ki, sizin məktəblilərin yolasalma mərasimində şəxsən iştirak etməyiniz uşaqların üzərinə məsuliyyət hissi qoymaqla yanaşı, onlarda qələbə qazanacaqlarına əminlik hissi də yaratdı. Onlar qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdılar və buna da nail oldular.
Tur-aksiya iştirakçılarından - Bala Çaylı kənd tam orta məktəbin X sinif şagirdi Günay Quliyeva, şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Elçin Bayramlı, Aşağı Salahlı kənd tam orta məktəbin IX sinif şagirdi Rasim Qasımov, Ağköynək kənd tam orta məktəbin X sinif şagirdi Turanə Əliyeva, Kosalar kənd tam orta məktəbin XI sinif şagirdi Mədinə Mustafayeva tur-akisya barədə təəssüratlarını bölüşərək bildiriblər ki, bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, bizlərә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Respublika Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaratdı.
Biz məktəblilər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyləri, Gənclər Mərkəzləri, Bayraq Meydanları, Rəsm Qalereyaları ilə tanış olduq. Olduğumuz bölgələrdə gördüklərimiz, şahidi olduqlarımız bir daha onu sübut etdi ki, Qazaxımız kimi digər rayonlarımız da ölkə başçısının rəhbərliyi altında gündən-günə çiçəklənir, daha abad və yaraşıqlı olur. Biz həm də ona görə sevincliyik ki, intellektual yarışdan qələbə ilə qayıtdıq. Bu, təkcə bizim uğur deyil, ümumilikdə, Qazax təhsilinin uğurudur. Biz şagirdlər də bu cür tur-aksiyanın keçirilməsinə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Bizlərə həmişə dəstək olduğu üçün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edirik.
Xanlıqlar kənd tam orta məktəbin IX sinif şagirdi Asim Şahbazlı isə "Qazaxdı” şeirini söyləyərək qələbə qazanan həmyaşıdlarını təbrik edib, üzərilərində əməyi keçən müəllimlərinə, tur-aksiyada iştirak edən təhkimçilərə aksiya iştirakçıları adından minnətdarlıq edib.
Məktəblilərlə keçirilən görüşdə iştirak edən M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, hər zaman müəllimlərə, məktəblilərə göstərdiyi səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün təhsil işçiləri, müəllimlər adından dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü şagirdlərə göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndiriblər.
Görüşdə 14-17 noyabr 2018-ci il tarixlərində keçirilmiş “Ölkəmizi tanıyaq” tur-aksiyasında fəal iştiraklarına görə aksiyaya təhkim olunmuş şəxslər Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. 
Bizlərə qələbə sevincini yaşadan “Göyəzən” komandasının üzvlərinə isə "Ölkəmizi tanıyaq” layihəsində təşkil olunmuş yarışmada qazandıqları uğurlara görə Azərbaycan İntellektual Klublar Assosiasiyasının Sertifikatları və hədiyyələr təqdim edilib. Bundan əlavə, bütün tur-aksiya iştirakçılarına rayon rəhbərliyi tərəfindən hədiyyə verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qazandıqları nailiyyətlərə, eləcə də “Ölkəmizi tanıyaq” tur-aksiyasında nümunəvi iştiraklarına görə məktəbliləri bir daha səmimi qəlbdən təbrik edib, qələbələrinin daimi olmasını arzulayıb. Hər zaman müəllimlərinin, valideynlərinin onlara göstərdikləri etimadı öz uğurları ilə doğrultmalarını tövsiyə edib.

 

 

 

 

Keçidlər