Hüseynbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğur və nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Sevindirici haldır ki, sürətli və dinamik inkişaf paytaxtla yanaşı, respublikamızın bölgələrində də davam etdirilir. Qazax rayonunda son iki il yarım ərzində aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə edilən yeniliklər bunu söyləməyə əsas verir.
Qazaxda vətəndaş amili də hər zaman ön planda tutulur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması bunun əyani sübutudur.
Rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən səyyar görüşlər demək olar ki, bir ənənə halını alıb. Növbəti səyyar görüşlərdən biri isə bu gün Hüseynbəyli kəndində olub.
Şəhid Alı Əliyevin adını daşıyan Hüseynbəyli kənd tam orta məktəbində keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Səmimi söhbət əsasında keçən görüşdə son iki il yarımdan artıq bir vaxtda rayonumuzda görülən tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb, qazanılan uğurlardan, kənd sakinlərini narahat edən qayğılardan danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb və bildirib ki, təkcə bu ilin ötən 11 ayı ərzində müxtəlif səbəblərdən Hüseynbəyli kəndində siz sakinlərlə görüşüb, bəzi məsələləri müzakirə etmişik. Bugünkü görüş isə cari ilin proqramına uyğun olaraq nəzərdə tutulmuş növbəti səyyar görüşdür. Bildiyiniz kimi, keçirilən bütün səyyar görüşlərin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Prezident İlham Əliyevin söylədiyi kimi bu gün Axərbaycan dövlətinin siyasətinin əsasında xalq və onlara göstərilən xidmət dayanır. Rayon rəhbəri dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən hər zaman kənd sakinlərinin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi və sakinlərin istəyini, mövqeyini hər şeydən üstün tutduğunu bildirib. 2016, 2017-ci illərdə rayonumuzda görülən işləri müqayisə edən icra başçısı bildirib ki, bu il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işləri daha geniş vüsət alıb. Rayonda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın deyən icra başçısı istifadəyə verilən çoxsaylı sosial obyektləri, yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu söylədiklərimizin əyani sübutu kimi qiymətləndirib.
Bildirib ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Hazırda 107 nəfərin işləməsi o deməkdir ki, yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən “Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işlərinin aparıldığını bildirib. Bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamdan söz açan icra başçısı son iki il yarım ərzində həmin Sərəncamın uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 47 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam etdirildiyini edib. Beləliklə, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 125 ədədinin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib.
Rayon rəhbəri cari ildə Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq göstərib.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla icra olunduğunu diqqətə çatdırıb. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Hal-hazırda bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib.
Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan danışan icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib. Rayon rəhbəri qeyd edib ki, bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.
Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsi başa çatıb. Demək olar ki, son tamamlanma işləri görülür.
Dövlətin və dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına, Qazaxın tarixi keçmişinə hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi qayğıya və diqqətə, xüsusilə də Sərəncama görə bütün qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Qeyd edib ki, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb var ki, onlardan biri də 1176 şagird yerlik Kosalar məktəbidir. Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri ilə yanaşı, Kosalar məktəbi də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə dövlətiizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır.
Məhz bu qayğının nəticəsidir ki, bu dəfə də şagirdlərimiz "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə döndülər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirdilər. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandası 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görüldülər. Bundan əlavə, məktəblilər "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasında da biliklərini sınadılar və qalib oldular.
Rayon rəhbəri son illər Qazax rayonunda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, ötən ay açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bundan başqa, Çaylı, Orta Salahlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində də uşaq bağçalarının olması üçün məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edib. Bu gün Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu çatdırıb.
İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin olmasıdır. Bundan əlavə, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş başa çatıb, Fərəhli kəndində isə davam edir.
Görüşdə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 11626 hektar sahədə şumlanma aparılmış, 4730 hektar buğda, 3064 hektar arpa olmaqla, cəmi 7794 hektarda taxıl səpilmişdir. İcra başçısı qeyd edib ki, Hüseynbəyli kəndində də 180 hektar sahədə taxıl səpilməsi nəzərdə tutulub ki, bunun 170 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir. Hazırda həmin 172 hektarda şumlanma aparılmışdır. Bu günə kimi 155 hektarda səpin aparılıb ki, bunun da 149 hektarını buğda, 6 hektarını arpa təşkil edir.
İcra başçısı Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.
Rayonda tütünçülüyün inkişafı məqsədilə Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkildiyini çatdırıb. İcra başçısı rayonda yeni iş yerlərinin açılması baxımından bu sahənin böyük əhəmiyyət daşıdığını bildirib.
Arxların təmizlənməsindən söz açan rayon rəhbəri qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 155,83 km-i əl əməyi, 110,75 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir.
Bildirib ki, payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 57,70 km-i təmizlənib. Bunun da 29,01 km-i əl əməyi, 28,69 km-i isə texnika vasitəsilə həyata keçirilib.
Hüseynbəyli kəndi üzrə 6,10 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 3,70 km-i əl əməyi, 2,40 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 1,25 km arx texnika vasitəsilə təmizlənib.
Kənd sakinlərindən Əli Yusifov, Əsəd Mahmudov, Novruz Alcanov, Eyyub Əliyev, Şahsuvar Şükürov, Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən iki il yarım ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən məktəblilərə yüksək diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdıraraq bu tur-aksiyanın rayonda əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olunduğunu bildiriblər.
Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən sahələrə gedən su arxlarının beton üzlüyə alınması, məktəbin istilik sisteminin və otaqların bəzilərində tavanın dəyişdirilməsi və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan əksər məsələlərin həll olunması üçün bəzi işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.