Qazax: abadlıq və tərəqqi ünvanı
Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə son illər ərzində rayon simasını dəyişərək müasir məkanlardan birinə çevrilib. Tək rayon mərkəzində deyil, bütün yaşayış məntəqələrində tərəqqi və inkişafı görməmək mümkün deyil. Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilmiş, sahibkarlığın inkişaf etdirilməsi üçün şəffaf və münbit şərait yaradılmışdır. Bunun nəticəsidir ki, son dövrlərdə Qazax rayonunda bir sıra sahibkarlıq obyektləri açılmış, bu isə, öz növbəsində insanların işlə təminatına zəmin yaratmışdır. Rayonda ötən əsrin ortalarında tikilmiş, lakin, heç vaxt təmir işi aparılmamış yaşayış binalarının, tibb ocaqlarının, uşaq bağçalarının və digər ictimai təyinatlı binaların əsaslı təmir olunması sürətlə həyata keçirilir.
Təhsil: Qazax tarixən təhsil, elm mərkəzi olmuşdur. Qazax müəllimlər seminariyasının xalqımızın maariflənməsində əvəzsiz rolu olub. Ölkə rəhbəri cənab İlham Əliyevin noyabr ayının 3-də Qazax Müəllimlər seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncamında da bu öz əksini tapmışdır. Bu gün də Qazax gəncləri təhsilə, elmə, savada olan meylləri ilə ön sıralardadırlar. 2017-2018-ci tədris ilində tam orta təhsil səviyyəsində təhsilini başa vuran 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuş, 49 nəfər 500-dən, 19 nəfər isə 600-dən yuxarı bal toplamışdır. 2017-2018-ci tədris ilində rayon üzrə ötən ilin məzunları ilə birlikdə 561 nəfər ali məktəblərə qəbul imtahanlarında iştrak etmiş, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, 2018-ci ildə Qazax rayonunun S.Vurğun adına 2 saylı tam orta məktəbi əsaslı təmir olunur, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. BDU-nun Qazax filialı üçün yeni bina kompleksinin tikintisi məqsədilə Əliağa Şıxlinski küçəsi 18a ünvanında 6 hektar torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.
Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Bağçalar “Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunurlar və buna Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur. 2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. 2018-ci ilin aprel və may aylarında Qazax şəhər 2 saylı, 60 yerlik, 3 qruplu uşaq bağçası əsaslı şəkildə təmir olunaraq iyun ayının 1-də müasir avadanlıqlarla uşaqların istifadəsinə verilmişdir. Bala Cəfərli, Quşçu Ayrım və Canalı kənd uşaq bağçaları da cari təmir olunaraq yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur. 35 uşaq yerlik İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub. Hazırda Qazax şəhər 6 saylı uşaq bağçasında əsaslı təmir-tikinti işləri aparılır.
Səhiyyə: Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Rayonlararası psixiatriya xəstəxanası, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonda respublika tabeçiliyində olan Qazax Müalicə Diaqnostika Mərkəzi və 113 xidməti fəaliyyət göstərir. Tikintisi bir neçə ildir ki, qeyri-müəyyən səbəbdən dayandırılmış 145 çarpayılıq mərkəzi rayon xəstəxana kompleksinin inşasına ötən ildən start verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 mart 2018-ci il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə 2018-ci il dövlət büdcəsindən 14,6 milyon manatın Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır. Rayon rəhbərliyi hər an tikintinin gedişatı ilə maraqlanır və ciddi nəzarətdə saxlayır. Məhz bunun nəticəsidir ki, yaxın zamanlarda müasir standartlara tam cavab verən xəstəxana kompleksi istifadəyə veriləcəkdir. Ümumiyyətlə rayonda səhiyyə sisteminə daim xüsusi diqqət və qayğı göstərilir. Rayonun Xanlıqlar həkim məntəqəsində, Qazaxbəyli tibb məntəqəsində və Qazax rayonlararası psixiatriya xəstəxanasında əsaslı təmir işləri aparılmışdır. Yaponiyanın ölkəmizdəki səfirliyinin və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yuxarı Salahlı kəndində müasir standartlara cavab verən bütün zəruri tibbi və digər avadanlıqlarla təchiz olunan 8 otaqdan ibarət həkim məntəqəsi inşa olunaraq 4 mindən çox əhalinin istifadəsinə verilmişdir.
Sənaye: İqtisadiyyatın bütün istiqamətlərində, hamçinin aqrar sahədə sənayeləşmənin daha da intensivləşməsi, yeni sənaye və aqrar-sənaye obyektlərinin istifadəyə verilməsi prosesi Qazaxda da uğurla davam edir. “Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində illik gücü 50 min ton olan Əhəng zavodunun və “Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində inşa etdiyi, illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi başa çatmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində Aqropark yaradılmış, 41 ədəd texnika alınmış, tutumu 2500 ton olan quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş, tutumu 2600 ton olan soyuducu anbarın tikintisi başa çatmış, örtük metal konstruksiyalar montaj olunmuşdur. Sahəsi 300 kvadratmetr olan ikimərtəbəli ofis binasında daxili tamamlama işləri aparılır. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Sahələrdə tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 km sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır. Həmçinin, “Aqrolizinq” ASC-dən Türkiyə Respublikasının Karataş firmasına məxsus özüyığılan və daşınan, hər birinin uzunluğu 500 metr olan 10 ədəd rezin suvarma boruları alınmışdır. Cəmi uzunluğu 5000 metr olmaqla ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik hava xətti çəkilmiş, 1 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 63 kv-luq transformatorlar quraşdırılmışdır. Aqroparkın ərazisinə sahə betonu vurulmuş, tamet döşənmişdir. İkinci Şıxlı kəndindən Aqroparka gedən 700 metr uzunluğunda asfalt yolun çəkilişinə yaxın vaxtlarda başlanılacaqdır.
Aqrar sahə: Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. 2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner, 62 hektar vələmir sahəsindən 164,3 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 26,5 sentner, 2,4 hektar darı sahəsindən 6,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 26,7 sentner, 259,7 hektar noxud sahəsindən 519,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner,43,5 hektar lobya sahəsindən 87 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner, 543,5 hektar dən qarğıdalı sahəsindən 2725 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 50 sentner, 88 hektar sorqo sahəsindən 378,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 43 sentner, 46 hektar günəbaxan sahəsindən 99,8 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 22 sentner, 3571,5 hektar yonca sahəsindən 10080 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 28,2 sentner, 31 hektar bostan sahəsindən 498,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 160,8 sentner, 492,1 hektar tərəvəz sahəsindən 10331,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 209,9 sentner,1086 hektar kartof sahəsindən 27750 ton məhsul istehsal olunmuş və yığım davam edir. 60 hektar tütün sahəsindən 7,94 ton məhsul təhvil verilmiş və məhsul yığımı davam edir. 325 hektar üzüm sahəsindən 2236 ton məhsul istehsal olunmuş və yığım davam edir. 1351,8 hektar sahədə isə meyvə becərilir, 10554,1 ton məhsul istehsal edilmişdir, yığım davam edir. Rayon üzrə ümumi əkin sahəsi 20633 hektar olmuşdur ki, bu da ötən ildən 1937,27 hektar çoxdur. 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində “Azəripək” ASC-yə təhvil verilmişdir. 2018-ci ildə Qazax rayonunda iki toxumçuluq təsərrüfatında 592 ton toxumluq taxıl istehsal olunmuşdur.
Yol infrastrukturu: Qazaxda yol infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması da daim diqqət mərkəzində olmuşdur. Yol infrastrukturunun yaxşılaşdırılması iqtisadi inkişafa təkan verməklə bərabər, həm də əhalinin sosial-iqtisadi əlaqələrinin möhkəmlənməsinə səbəb olur. Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi işləri yekunlaşmışdır. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 4 km uzunluğunda yollara asfalt-beton örtüyünün çəkilməsi işlərinə başlanılacaq, həmçinin, 2019-cu ildə Daş Salahlı və Dəmirçilər kəndlərinin də avtomobil yollarının yenidən tikintisi nəzərdə tutulmuşdur. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində 13,2 km uzunluğunda alternativ yola çınqıl döşənmiş və hamarlama işləri aparılmışdır. Rayonun Kəmərli, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində yollarda cari təmir işləri aparılmış, Yuxarı Əskipara yolunun çiyinləri nizama salınmış, Uzuntala yolunda çalalar təmir olunmuş və çiyinlər nizama salınmışdır. 25 km uzunluğunda şəhərdaxili yollara, kənd yaşayış məntəqələrində isə 200 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənib, bu istiqamətdə işlər davam edir.
Komunal təminatlar: Rayonda əhalinin elektrik enerjisi, təbii qaz yanacağı, su, kommunikasiya xidmətləri ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür. Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon üzrə Qazax xidmət sahəsi tərəfindən 21321 abonentə xidmət göstərilir. Ötən dövr ərzində 152 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. Rayon üzrə Qazax Elektrik Şəbəkəsi tərəfindən 23719 abonentə xidmət göstərilir. 2018-ci ilin 9 ayında Qazax Elektrik Şəbəkəsi tərəfindən rayonun elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri, 35 kv-luq hava xəttində, 10 kv-luq hava xəttində, 0,4 kv-luq hava xətlərində də təmir işləri aparılmışdır. Qeyd edilən hava xətləri üzrə 70 ədəd ağac dayaq, beton dayaqla əvəz edilmiş, 2,7 km uzunluğunda zədəli naqillər yenisi ilə əvəz olunmuşdur. Rayon üzrə SİP kabelləşmə işlərinə də başlanılmışdır. 9 ay ərzində Qazax rayonunda şəbəkənin gücü ilə 41019 metr SİP kabel çəkilmiş, 598 ədəd yeni metal dayaq və 2 ədəd yeni transformator quraşdırılmışdır. Qazax Telekommunikasiya Qovşağı tərəfindən Daş Salahlı, Çaylı, Kosalar və Qazaxbəyli kəndlərində ümumilikdə 210 nömrəlik xətt təsərrüfatı tikilərək istifadəyə verilmiş və bundan 200 nömrə artıq çəkilmişdir.
Qazax “Su-kanal” idarəsi tərəfindən rayon üzrə 6586 abonentə xidmət göstərilir. “Su-kanal” idarəsi ümumilikdə 104,26 km su, 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir. Ölkə Prezidentinin sərəncamı ilə rayonun Kəmərli kəndində artezian quyusu qazılaraq anbara verilmiş və oradan kəndə içməli su xətləri çəkilmiş, Aslanbəyli kəndində artezian quyusu qazılmış və 13 bulaq tikilmiş, Qaymaqlı kəndində artezian quyusu qazılmış, Daş Salahlı kəndinin bir hissəsində isə Coğaz çayından gələn magistral xətdən 3000 p/m-dən çox içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. Fərəhli kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1,5 km uzunluğunda içməli su xətti çəkilmiş və 16 tonluq su çəni quraşdırılmışdır.
Abadlıq və yenidənqurma: Qazax şəhərində və rayonun bütün digər yaşayış məntəqələrində tikinti-quruculuq, yeniləşmə davam edir. Cari ildə şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 29497 kvadratmetrə yaxın şifer vurulmuş, 300 kvadratmetə yaxın hasar hörülmüş və evlərin fasad hissəsində, hasarlarda 5000 kvadratmetr suvaq işləri aparılmış, 30 min kvadratmetrə yaxın rənglənmə işləri, yaşayış evlərinə, məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapısı qoyulmuşdur. 2017-2018-ci illərdə Mənzil İstismar Sahəsinin balansında olan 10 ədəd 5 mərtəbəli, 1 ədəd 9 mərtəbəli, 46 ədəd 2 mərtəbəli və 25 ədəd 1 mərtəbəli, cəmi 82 binanın dam örtüyü dəyişdirilmişdir. Həmçinin, bu müddət ərzində 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparılmışdır. 3 çoxmənzilli yaşayış binasının həyətində xeyir-şər evləri tikilmiş və təmir olunmuşdur. N.Nərimanov yaşayış massivindəki 44 çoxmənzilli yaşayış binalarından 39 ədədinin dam örtüyü dəyişdirilmişdir. 42 binanın isə fasadında, bloklarında pilləkan qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparılmışdır.
2018-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayonunda 5 binanın təmirinə 277,47 min manat ayrılmışdır. Həmin binalardan Bakı küçəsi 1 ünvanında yerləşən, 5 mərtəbəli, 3 bloklu binanın, dam örtüyünün sahəsi 808 kvadratmetr olan və Azadlıq küçəsi 92 ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu binanın dam örtüyünün sahəsi 1060 kvadratmetr olan hər iki binada dam örtüyü dəyişdirilmişdir.
2016-2017-ci illərdə və 2018-ci ilin doqquz ayı ərzində Rayon İcra Hakimiyyəti tərəfindən atəş altında olan Məzəm kəndində dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 57 ailənin həyətində hündürlüyü 3 metr, ümumi uzunluğu 2530 p/m olmaqla, 7590 kvadratmetr istinad divarı çəkilmişdir.
Vəli VƏLİYEV
“Respublika”
25.11.2018-ci il