Qazaxda “Ekoloji problemlərin həlli yolları” adlı sərgi keçirilib
Bu gün gənc rəssam Akif Əmirovun təşəbbüsü və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ekoloji problemlərin həlli yolları” adlı rəsm sərgisi keçirilib.
Sərgidə Akif Əmirovun tərtibatı ilə Qazax Uşaq–Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin 20 rəsm əsəri və 70 əl işi sərgilənib. Bundan əlavə, sərgidə fauna və flora guşələri nümayiş olunub.
Qazax Dövlət Rəsm Qalereyasında baş tutan sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, Uşaq–Gənclər İnkişaf Mərkəzinin müəllimləri və dərnək üzvləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri və sərgi iştirakçıları nümayiş olunan əl işləri, rəsm əsərləri ilə tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək sərgi iştirakçılarını salamlayıb, keçirilən sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu gün respublikamızda olduğu kimi, Qazaxda da bütün sahələrə, o cümlədən də təhsil və mədəniyyət sahələrinə daim diqqət və qayğı göstərilir.
"Ölkəmizi tanıyaq” layihəsində qazaxlı məktəblilərin qələbə sevincindən söz açan icra başçısı Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından şagirdlərin qalib kimi qayıtmasının bütün Qazax təhsilinin uğuru olduğunu bildirib. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirən məktəblilərin bu qələbəsini yüksək qiymətləndirən rayon rəhbəri təhsilə olan qayğının təzahürü olduğunu çatdırıb. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsini, bundan əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasından da qalib kimi dönmələrini təhsil sahəsinə göstərilən qayğının, diqqətin öz bəhrəsini verdiyini qeyd edib. Bildirib ki, bu qələbənin qazanılmasında noyabr ayının 10-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ”Rayonumuzu tanıyaq”devizi altında təşkil olunmuş turun da böyük əhəmiyyəti olub.
Rayon rəhbəri qazanılan bu uğuru dövlət başçısı İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 3 noyabr 2018-ci il tarxli Sərəncamına əsl töhfə olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu qələbə bir daha onu sübut etdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı gündən-günə artır.
İcra başçısı bildirib ki, bu gün respublikamızda, eləcə də bölgələrimizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsidir. Rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, növbəti tədris ilində rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri vurğulayıb ki, dövlətimizin, ölkə başçısının təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur.
Rayon rəhbəri mədəniyyətimizin bir qolu olan rəssamlıq sahəsinə də xüsusi qayğı ilə yanaşıldığını qeyd edib. Rəssamlıq sənəti ilə məşğul olan insanların, xüsusilə də gənclərin bu sahəyə olan marağını artırmaq və istedadlarını inkişaf etdirmək üçün onlara hərtərəfli dəstək göstərildiyini çatdırıb. Qeyd edib ki, bu dəstəyin nəticəsidir ki, bu gün Qazaxda yüksək səviyyəli sərgilər keçirilir, tədbirlər təşkil olunur.
Rayon rəhbəri bildirib ki, ekoloji problemlərin həlli hazırda dünyada ən aktual mövzularındandır. Sürətli iqtisadi, elmi-texniki inkişaf dünyada ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin qorunması daim diqqət mərkəzindədir. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsidir. Ekoloji problemlərin həllində ictimaiyyətin iştirakı da vacibdir. Bunun üçün insanlar maarifləndirilməlidir. Gələcəyimizi qorumaq üçün ekologiyaya xüsusi diqqət yetirməliyik – deyən icra başçısı bu baxımdan məktəblilərin təşkil etdiyi “Ekoloji problemlərin həlli yolları” adlı sərginin olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu gün bu sərginin təşkili bir daha onu sübut etdi ki, əgər bir işə nə qədər can yandırarsınızsa, bəhrəsi də o qədər yüksək olar. Bugünkü sərgidə bunu bir daha izlədik. Bu cür layihələrin, sərgilərin davamlı olaraq keçirilməsinin vacib məsələ olduğunu bildirən rayon rəhbəri bu yolda məktəblilərə, dərnək üzvlərinə, əməyi keçən müəllimlərə uğurlar arzulayıb.
Gənc rəssam Akif Əmirov çıxış edərək keçirilən sərginin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbirin məqsədi real ekoloji vəziyyəti gənclərin, xüsusilə də məktəblilərin gözü ilə qiymətləndirmək və bu sahənin məktəblilər tərəfindən daha çox araşdırılmasına nail olmaqdır. Gənc rəssam Qazaxda təşkil olunan bütün sərgilərin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən diqqətə, qayğıya və iştirak etdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sərgi iştirakçıları, gənc rəssamlar, xüsusilə də mərkəzin dərnək üzvləri adından dərin minnətdarlığını bildirib.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək bildirib ki, sərginin məqsədi məktəblilərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.
Mərkəz olaraq gördükləri işlərdən söz açan G.Rəhimova dərnək üzvlərinin Gəncədə keçirilən müsabiqədə də 7 rayon üzrə birinci yeri tutduqlarını bildirib. Qeyd edib ki, bizim mərkəzin dərnək üzvləri ətraf mühitin qorunması istiqamətində öz töhfələrini verməkdə davam edir. Bu sərgidən də əvvəl Qazaxın girişində Təyyarə Abidə Kompleksinin ətrafında da 21 ədəd həmişəyaşıl şam ağacı əkdiklərini, həmçinin, Bakı-Qazax magistral avtomobil yolunun hər iki tərəfində 90 nəfər məktəblinin və 37 nəfər dərnək rəhbərinin iştirakı ilə təmizlik işləri apardıqlarını bildirib. Bugünkü sərginin də gördükləri işlərin davamı olduğunu vurğulayıb. Ətraf mühitin müdafiəsi sahəsində gənc rəssamların, xüsusilə də məktəblilərin dünyagörüşünün formalaşmasında bu cür tədbirlərin bundan sonra da mütəmadi olaraq təşkil ediləcəyini qeyd edib. Sərginin təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə və əməyi keçən insanlara rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sərginin yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən insanları bir daha təbrik edib və davamlı olmasını arzulayıb.