Çoxmənzilli binada aparılan əsaslı təmir işləri sürətlə davam etdirilir
Bu gün Qazaxda ölkə başçısının diqqət və qayğısı sayəsində rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması uğurla davam etdirilir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, şəhərin Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada da əsaslı təmir işləri aparılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov binada iş başlayan ilk gündən mütəmadi olaraq görülən işlərlə yaxından tanış olur, keyfiyyətli aparılması üçün öz tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbəri bu gün də təmir olunan binaya baş çəkib, işlərlə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, binanın istər bloklarında, istərsə də xarici fasadında işlər paralel olaraq aparılır. Binanın blokları ilə yanaşı, xarici fasadında suvaq işləri aparılıb. Bloklarda üzlük vurulması işi yekunlaşmaq üzrədir. Blokların giriş qapıları qoyulub. Elektrik xətləri də səliqəyə salınır. Hazırda binanın giriş hissəsinə beton tökülür. Pəncərələrdə və pilləkan qəfəslərində rənglənmə işləri aparılır. Binanın eyvanlarında da təmir işləri görülür.
Bina sakini Qaməd Qasımov Qazaxda aparılan bütün abadlıq və quruculuğu, xüsusilə də çoxmənzilli binalarda görülən işləri yüksək qiymətləndirdiklərini bildirib. Respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə bütün bina sakinləri adından dərin minnətdarlığını çatdırıb.