Qazax rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə silsilə anım tədbirləri həyata keçirilmişdir.Əvvəlcədən bu məqsədlə geniş tədbirlər planı işlənib hazırlanmış və Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq olunmuşdur. Hazırlanmış tədbirlər planına uyğun olaraq Qazax şəhərində və rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda, çoxsaylı əmək kollektivlərində 20 Yanvar faciəsi ilə bağlı toplantı, konfrans, mühazirələr, sərgilər təşkil olunmuşdur. Rayon Mədəniyyət Mərkəzində faciəyə həsr olunmuş tamaşalar və kompozisyalar göstərilmişdir. Rayonun bütün tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir. Gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisi səsləndirilmiş, saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycanın dövlət bayraqları endirilmişdir.
Həmin tədbirlər çərçivəsində Şəhidlər Xiyabanındakı abidə önündə də 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, rayon rəhbərliyi , hərbi hissələrin və hüquq mühafizə orqanlarının şəxsi heyyəti və əməkdaşları, çoxsaylı əmək kollektivləri, əmək və müharibə veteranları, gənclər, QHT və KİV nümayəndələri və yüzlərlə rayon sakini iştirak etmişdir.
Gün ərzində insanlar Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anmışlar və Şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə qərənfil dəstələri qoymuşlar.