Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Şıxlı kəndində sakinlərlə səyyar görüş keçirilib

06 dekabr 2018 | 16:00

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün Azərbaycanın regionda iqtisadi gücə sahib olan bir dövlət kimi tanınması müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda müstəqil dövlətçiliyin qorunması  ənənəsinin yaradılması ulu öndərin, dövlətimizin, milli iqtisadiyyatımızın yüksək sürətlə inkişaf etməsi və daha da güclənməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz son 15 il ərzində Prezident İlham Əliyev ulu öndərin qurduğu təməl üzərində Azərbaycanı bütün dünyada güclü dövlət kimi tanıdır, beynəlxalq aləmdə nüfuzunu artırır.
Bu gün diqqət çəkən məqamlardan biri odur ki, ölkəmizdə aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, respublikamızın digər bölgələrində də uğurla davam etdirilir. Son iki il yarım ərzində Qazaxda aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə edilən uğurlar bunu söyləməyə əsas verir.
Ötən bu müddət ərzində rayonda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş amilinin ön plana çəkilməsidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması bunun barzi nümunəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, rayon rəhbərinin sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb.
İcra başçısı bu gün də cari ilin proqramına uyğun olaraq rayonun İkinci Şıxlı kəndində yaşayan sakinlərlə səyyar görüş keçirib.
İkinci Şıxlı kənd tam orta məktəbin qarşısında keçirilən görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Səmimi söhbət əsasında keçən görüşdə rayonumuzda, eləcə də kənddə görülən tikinti-quruculuq işlərindən, sosial-iqtisadi sahədə əldə edilən göstəricilərdən söz açılıb, qazanılan uğurlardan, sakinləri narahat edən qayğılardan danışılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb və bildirib ki, həmişə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən keçirilən səyyar görüşlər bir amala xidmət edir ki, onun da əsasında siz vətəndaşlar dayanır. Respublika Prezidenti İlham Əliyevin də söylədiyi kimi bu gün Azərbaycan dövlətinin siyasətinin təməlində xalq və vətəndaş amili dayanır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyini vurğulayan rayon rəhbəri bildirib ki, fəaliyyətə başladığı ilk gündən hər zaman siz sakinlərin arasında olmağı, sizləri narahat edən qayğıları öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam.
2016, 2017-ci illərdə rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən icra başçısı bu il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazaxda görülən işlərin daha geniş vüsət aldığını bildirib.
İcra başçısı istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından söz açaraq bildirib ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın.
Qeyd edib ki, bu gün Qazaxda "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, 150 nəfərin çalışması nəzərdə tutulub. Bu isə o deməkdir ki, yeni iş yerlərinin açılması baxımından rayonumuzda xalça müəssisəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında son tamamlanma işlərinin aparıldığını bildirib. Bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamdan söz açan icra başçısı son iki il yarım ərzində həmin Sərəncamın uğurla icra edildiyini bildirib. Rayon rəhbəri həmin Sərəncama əsasən ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu, eləcə də bir binanın həyətində bu işin davam etdirildiyini qeyd edib. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127 ədədinin yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib.
Cari ildə Heydər Əliyev prospektində yerləşən 61A, 63, 65 nömrəli, "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5,60, 64 saylı, Bakı küçəsi 2 ünvanında, "Göy bina” adlandırılan ərazidə yerləşən 2 bloklu, 5 mərtəbəli, Azadlıq küçəsi 206A ünvanında yerləşən 6 bloklu, 5 mərtəbəli, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarını rayonda təmir olunan binalara nümunə olaraq göstərib.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamın da uğurla icra olunduğunu diqqətə çatdıran rayon rəhbəri həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Hal-hazırda bu gün şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binaların da əsaslı şəkildə təmir olunduğunu bildirib.  Rayon rəhbəri vurğulayıb ki, şəhərdə yerləşən digər binalar kimi, sizin yaşadığınız bu bina da nümunəvi olacaq və şəhərin gözəlliyinə yeni bir rəng qatacaqdır.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm verib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır.
İcra başçısı bildirib ki, ötən ay "Ölkəmizi tanıyaq” layihəsində qazaxlı məktəblilərin Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı bilik yarışmasından qalib kimi qayıtması bunu bir daha sübut etdi ki, təhsilə göstərilən qayğı öz bəhrəsini verir.  9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirən məktəblilərin bu qələbəsini yüksək qiymətləndirən rayon rəhbəri təhsilə olan qayğının təzahürü olduğunu çatdırıb. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsini, bundan əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasından da qalib kimi dönmələri təhsil sahəsinə göstərilən qayğıya əsl töhfədir. Bildirib ki, bu qələbənin qazanılmasında noyabr ayının 10-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ”Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş turun da böyük əhəmiyyəti oldu.
Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarının, Bu ilin oktyabr ayında açılışını etdiyimiz 35 yerlik, 2 qruplu İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu dediklərimizin əyani sübutudur.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın və həmin bağçalardan da ikisinin İkinci Şıxlı kəndində yerləşdiyini qeyd edib. Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın, eyni zamanda bu kənddəki həmin bağçaların da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu bildirib.
Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan danışan icra başçısı rayonumuzda da bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib.
Ölkə başçısının 19 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılmasını, həmin ilin oktyabrın 19-da isə cənab Prezidentin yeni avtomobil yolunun açılışında iştirak etməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib.  Bundan əlavə, Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamın bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə böyük təkan verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin Sərəncamın nəticəsidir ki, bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat şəkildə istifadə edə bilirlər.
Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.
Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsi başa çatıb. Bu kənddə də yaxın vaxtlarda çəkilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Rayon rəhbəri qeyd edib ki, bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.
İcra başçısı bu gün "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti və  Dövlət Sərhəd Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin istifadəyə verilməsinin vətəndaşlara göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu qeyd edib.
Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, İkinci Şıxlı kəndində də quruculuq işlərinin aparıldığını vurğulayaraq qeyd edib ki, ötən il Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.
İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu iş başa çatıb.
Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.
İcra başçısı qeyd edib ki, dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11040 hektar taxıl sahəsindən 8289 hektarında buğda, 2751 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
Qeyd edib ki, 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 12878 hektar sahədə şumlanma aparılmış, 7520 hektar buğda, 3859 hektar arpa olmaqla, cəmi 11379 hektarda taxıl səpilmişdir. Bildirib ki, İkinci Şıxlı kəndində də 1100 hektar ərazidə taxıl səpilməsi nəzərdə tutulub ki, onun da 650 hektarını buğda, 450 hektarını isə arpa təşkil edir. Bu günə kimi 740 hektar sahədə buğda, 320 hektar sahədə arpa olmaqla, 1060 hektar sahədə səpin aparılmışdır.
Rayon rəhbəri payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyindən söz açıb. Qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 94,54 km-i təmizlənib. Bunun da 53,71 km-i əl əməyi, 40,83 km-i isə texnika vasitəsilə həyata keçirilib.
Səyyar görüşdə İkinci Şıxlı kəndində 11,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. 5,10 km-in texnika, 6,50 km-in isə əl əməyi ilə təmizlənəcəyi çatdırılıb. Texnikanın işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə əl əməyinin gücündən istifadə edildiyi bildirilib. Bu günə kimi 11,23 km-in təmizləndiyi, 6,18 km-in texnika, 5,05 km-in əl əməyi ilə aparıldığı vurğulanıb.
Kənd sakinlərindən Rəna Yusifova, Vasif Hüseynov, Təranə Əhmədova, Şahin Qəfərov, Binnət Binnətov, Zəlimxan Mustafayev, Rahilə Osmanova, Flora Məhəmmədova və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər.
Bugünkü səyyar görüşü yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddə qəzalı vəziyyətdə olan işıq dirəklərinin dəyişdirilməsi, əhalinin rahat şəkildə gediş-gəlişini təmin etmək məqsədilə magistral yolda keçidin qoyulması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Əksər məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən bugünkü səyyar görüş də bunun bariz nümunəsidir.

Keçidlər